Вернуться назад Распечатать

Slovakiya-Azərbaycan münasibətləri bu gün qarşılıqlı hörmət, iqtisadi mənfəət və strateji hədəflər üzərində yüksəlir

Son illər Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin
gücləndirilməsi mühüm yer tutur. Bu kontekstdə Mərkəzi Avropanın aparıcı dövlətlərindən biri
olan Slovakiya ilə əlaqələr tamamilə yeni – strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. İki
ölkə arasında formalaşan səmimi siyasi dialoq bu gün iqtisadiyyat, energetika və işğaldan
azad edilmiş ərazilərin bərpası sahəsində konkret, irimiqyaslı layihələrlə möhkəmlənir.
Azərbaycan və Slovakiya arasında münasibətlərin dinamik inkişafının əsas
hərəkətverici qüvvəsi dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi
iradəsidir. Bakıda imzalanmış "Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə"
iki ölkə arasındakı bağları rəsmi olaraq ən yüksək müttəfiqlik səviyyəsinə qaldırıb.
Slovakiya Prezidenti Peter Pelleqrinini Şuşada qəbul edən Azərbaycan Prezidenti İlham
Əliyevin rəsmi görüşləri iki ölkənin qlobal və regional məsələlərdə eyni baxışa sahib olduğunu
bir daha nümayiş etdirdi. Eyni zamanda, Slovakiyanın Bakıdakı Səfirliyinin NATO-nun
Azərbaycandakı əlaqələndirici missiyasını icra etməsi Bratislava ilə Bakı arasındakı
beynəlxalq etimadın bariz nümunəsidir.
Azərbaycan-Slovakiya əlaqələrinin ən humanist və dostluq nümunəsi olan istiqaməti
işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesidir. Slovakiya şirkətləri Qarabağın
və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir.
Bratislavanın bu prosesə ən böyük töhfəsi Ağdam rayonunun Baş Qərvənd kəndində
həyata keçirilən "Ağıllı kənd" layihəsidir. Slovakiyalı mütəxəssislərin müasir şəhərsalma və
texnoloji həllər əsasında qurduğu bu kənd, iki ölkə arasındakı əməkdaşlığın sadəcə kağız
üzərində deyil, Qarabağ torpağında reallığa çevrildiyinin əyani sübutudur.
İqtisadi və siyasi platformalardakı uğurlar humanitar sahəyə də müsbət təsir göstərir.
Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin təşkili istiqamətində atılan addımlar turizmin
inkişafına, biznes mühitinin canlanmasına və tələbə mübadiləsinə güclü təkan verəcək.
Slovakiya-Azərbaycan münasibətləri bu gün qarşılıqlı hörmət, iqtisadi mənfəət və
strateji hədəflər üzərində yüksəlir. Bakı və Bratislava tərəfindən atılan hər bir addım göstərir ki,
bu dostluq və tərəfdaşlıq uzunmüddətli olmaqla bərabər, hər iki xalqın rifahına və regional
sabitliyə xidmət edir.
Aydın Veysəlov,
Sabirabad rayonu Əhmədabad kənd tam orta məktəbinin direktoru