Вернуться назад Распечатать

Fariz Əliyev: “Bir Pəncərə” sistemi Azərbaycanın nəqliyyat-logistika sektorunda rəqəmsal transformasiyanı yeni mərhələyə yüksəldəcək

Azərbaycanın nəqliyyat və logistika sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. İctimaiyyətə təqdim olunan "Bir Pəncərə" informasiya sistemi yalnız yeni elektron platforma deyil, dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və səmərəliliyi artıracaq müasir rəqəmsal idarəetmə modelidir.

1xeber.media xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sistem dövlət qurumlarını, sahibkarları və daşıyıcıları vahid rəqəmsal platformada bir araya gətirərək xarici ticarət və nəqliyyat-logistika əməliyyatlarının daha operativ və sadə şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Layihənin əsas məqsədi dövlət və biznes arasında qarşılıqlı əlaqələri asanlaşdırmaq, idxal, ixrac və tranzit əməliyyatlarında mövcud olan mürəkkəb və təkrarlanan prosedurları aradan qaldırmaq, bütün prosesləri vahid rəqəmsal mühitdə birləşdirməkdir. Sistemin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirilib və nəticədə proseslərin daha çevik idarə olunmasına imkan verən müasir platforma formalaşdırılıb.

Şöbə müdiri qeyd edib ki, platforma vasitəsilə sahibkarlar və daşıyıcılar idxal, ixrac və tranzit əməliyyatları ilə bağlı bütün əsas dövlət xidmətlərinə vahid giriş əldə edəcəklər. Buraya nəqliyyat və kommersiya sənədlərinin rəsmiləşdirilməsi, gömrük və sərhədkeçmə prosedurları üçün tələb olunan lisenziya və icazələrin alınması, mənşə, fitosanitar sertifikatları, fumiqasiya aktları və digər zəruri sənədlərlə bağlı müraciətlərin elektron qaydada təqdim edilməsi daxildir. Bu platforma sayəsində bütün sənədlərin elektron qaydada əldə olunması, dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması, eləcə də yük və nəqliyyat vasitələrinə dair məlumatların vahid sistem üzərindən təqdim edilməsi prosedurları əhəmiyyətli dərəcədə sadələşdirəcək, vaxt itkisini və inzibati xərcləri minimuma endirəcək. İnformasiya sistemi mərhələli şəkildə istifadəyə verilir və dövlət qurumlarının elektron xidmətləri ardıcıl olaraq platformaya inteqrasiya edilir. Artıq ilk nəticələr əldə olunub və növbəti mərhələlərdə sistemin funksional imkanları daha da genişləndiriləcək.

Fariz Əliyev bildirib ki, platforma dövlət idarəçiliyində post-faktum təhlil modelindən data əsaslı qərarvermə mexanizminə keçidi sürətləndirəcək, rəqəmsal ekosistemin inkişafı üçün yeni imkanlar yaradacaq və gələcəkdə əlavə funksiyaların inteqrasiyasını təmin edəcək: Sistemdən ən böyük faydanı sahibkarlar əldə edəcəklər. Belə ki, biznes subyektləri idxal və ixrac əməliyyatlarını daha operativ həyata keçirəcək, logistika proseslərini real vaxt rejimində izləyə, dövlət qurumları ilə interaktiv elektron əlaqə qura biləcəklər. Layihənin perspektivləri yalnız ölkədaxili rəqəmsallaşma ilə məhdudlaşmır. Gələcək mərhələdə "Bir Pəncərə" informasiya sisteminin Orta Dəhliz və digər beynəlxalq nəqliyyat dəhlizləri üzrə tərəfdaş ölkələrin analoji informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya beynəlxalq daşımalarda elektron məlumat mübadiləsini genişləndirəcək, elektron nəqliyyat və ticarət sənədlərinin qarşılıqlı tanınmasını təmin edəcək, sərhədlərarası yükdaşımaların daha sürətli, təhlükəsiz və proqnozlaşdırılan şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

"Bir Pəncərə" informasiya sistemi Azərbaycanın tranzit potensialının daha da artırılmasına, xarici ticarətin inkişafına, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Bu layihə eyni zamanda Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına və müasir logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək”, - deyə o qeyd edib.