Bakının Yasamal rayonunda baş verən dəhşətli qətlin yeni təfərrüatları məlum olub. Məlumata görə, 44 yaşlı Amalya Qəhrəmanova keçmiş həyat yoldaşı tərəfindən azyaşlı övladının gözü qarşısında ov tüfəngi ilə qətlə yetirilib. İlkin araşdırmalar göstərir ki, hadisədən əvvəl tərəflər arasında uşağın atası ilə görüşü məsələsinə görə mübahisə yaranıb. Hadisə nəticəsində qadın aldığı güllə yaralarından hadisə yerində ölüb, bir nəfər kişi isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Azyaşlı uşağın gözü qarşısında anasının qətlə yetirilməsi cəmiyyətdə dərin sarsıntı yaradıb. Zorakılığın ən ağır yükünü çox vaxt hadisələrin birbaşa şahidinə çevrilən uşaqlar daşıyır və bu cür travmalar onların psixoloji inkişafına uzunmüddətli təsir göstərir.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev 1xeber.media-ya açıqlamasında bildirib ki, motivindən asılı olmayaraq baş verən qətl hadisələri ağır, bağışlanılmaz və cəmiyyət üçün ciddi təhlükə yaradan cinayətlərdir:
“Hüquq-mühafizə orqanları bu kimi halların araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Lakin bu cür hadisələrin səbəbləri və onları doğuran amillər hər bir halda fərdi xarakter daşıyır. Xüsusilə məişət zəminində, ailədaxili münasibətlər fonunda törədilən zorakılıq və qətllər cəmiyyətə mənfi mesaj verən ağır cinayətlər sırasındadır. Bu hadisələrin qarşısını almaq üçün yalnız hüquqi və inzibati tədbirlər, eləcə də cəza mexanizmləri kifayət etmir. Cəza vacib olsa da, əsas məqsəd bu kimi cinayətlərin baş verməsinin qarşısını alan preventiv tədbirlərin gücləndirilməsi olmalıdır. Hüquq-mühafizə orqanlarının da qeyd etdiyi kimi, hər evə nəzarət etmək mümkün deyil. Polis hər ailənin daxilində keşik çəkə bilməz. Hər bir insan ailədə və cəmiyyətdə davranışına görə məsuliyyət daşımalıdır. Qarşı tərəfin haqlı və ya haqsız olmasından asılı olmayaraq, həyat üçün real təhlükə və zəruri özünümüdafiə vəziyyəti yoxdursa, fiziki zorakılığa və ya silaha əl atmaq heç bir halda qəbul edilə bilməz. Ov tüfəngi ov üçün nəzərdə tutulub, insan öldürmək üçün deyil”.
O deyib ki, əgər tərəflər ayrılıblarsa, onların eyni evdə yaşaması və ya davamlı təmasda olması yeni münaqişələrin yaranma riskini artırır:
“Buna görə də boşanmış şəxslərin mümkün qədər ayrı məkanlarda yaşaması, bir-birləri ilə minimum təmasda olması profilaktik baxımdan vacib hesab oluna bilər. Çünki boşanma artıq tərəflər arasında ciddi fikir ayrılığının olduğunu göstərir və sonrakı ünsiyyət yeni gərginliklər yarada bilər. Belə halların yaranmasına dözümsüzlük, qarşılıqlı anlaşılmazlıq, tərəflərin bir-birini qəbul etməməsi, ailə öhdəliklərinin yerinə yetirilməsində problemlər, maddi və sosial çətinliklər kimi amillər təsir göstərə bilər. Bu səbəbləri bir-birindən ayrı təhlil etmək düzgün olmaz. Sosial-psixoloji problemlər çox vaxt maddi-iqtisadi vəziyyətlə də sıx bağlı olur. Stress, gərginlik və ailədaxili məsuliyyətlərin yerinə yetirilməməsi aqressiyanı və narazılığı artıran əsas amillərdəndir”.
Sosioloq qeyd edib ki, heç bir səbəb zorakılığa və xüsusilə qətlə bəraət qazandıra bilməz:
“İstər kişi, istərsə də qadın tərəfindən törədilməsindən asılı olmayaraq, qətl insanlıqdan uzaq davranışdır və buna haqq qazandırmaq mümkün deyil. Hətta qarşı tərəfin xəyanəti belə belə bir cinayətə bəraət vermir. Belə hallarda yeganə doğru yol münasibətləri sivil qaydada sonlandırmaq, boşanmaq və hüquqi vasitələrdən istifadə etməkdir. Cəmiyyət də bu məsələdə yalnız narahatlığını ifadə etməklə kifayətlənməməlidir. İctimai qınaqla yanaşı, problemli ailələrə psixoloji və sosial dəstəyin göstərilməsi, profilaktik tədbirlərin genişləndirilməsi vacibdir. Əgər tərəflərdən biri təhdid və ya təzyiqlə üzləşirsə, hüquq-mühafizə orqanlarına, qeyri-hökumət təşkilatlarına və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməklə hüquqi müdafiə mexanizmlərindən istifadə etməlidir. Bu, faciələrin qarşısının alınması baxımından ən düzgün və sivil yoldur”.
Aysel
1xeber.media