“Qlobal informasiya mühitinin sürətlə transformasiyaya uğradığı, dezinformasiya
müharibələrinin regional və qlobal sabitliyə birbaşa təhdid yaratdığı bir dövrdə Azərbaycan
növbəti dəfə mühüm beynəlxalq müzakirə mərkəzinə çevrilir. Bu gündən ölkəmizin mədəniyyət
paytaxtı Şuşada işə başlayan IV Şuşa Qlobal Media Forumu həm müzakirə olunan mövzuların
aktuallığı, həm də iştirakçı coğrafiyasının genişliyi ilə qlobal media gündəmini müəyyən edən
strateji platforma statusunu daha da möhkəmləndirir.
Builki forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın
yenidən qurulması” mövzusu ilə təşkil olunması təsadüfi deyil. Dünyanın 54 ölkəsindən 160-a
yaxın media nümayəndəsini, beynəlxalq ekspertləri və rəsmi şəxsləri bir araya gətirən bu
tədbir həm Azərbaycanın yumşaq gücünün nümayişi, həm də beynəlxalq jurnalistikanın
gələcək arxitekturasının formalaşması baxımından dərin analitik təhlil tələb edir.”
Şuşa Media Forumunun ən böyük rəmzi və praktiki əhəmiyyəti onun keçirildiyi
məkandır. Otuz illik işğaldan azad edilmiş, bu gün isə genişmiqyaslı yenidənqurma və sülh
quruculuğu prosesinin mərkəzi olan Qarabağ və Şuşa şəhəri, dünyaya sülh mesajlarının
ötürülməsi üçün ən obyektiv platforma kimi qəbul olunur. Bu bir həqiqətdir ki, müasir dövrdə
medianın rolu sadəcə xəbər istehsal etməkdən ibarət deyil; media sülhün təşviqində,
cəmiyyətlər arasında sarsılmış etimadın yenidən qurulmasında katalizator rolunu oynamalıdır.
Azərbaycanın post-münaqişə reallıqlarının, regionda dayanıqlı sülhün təmin olunması
istiqamətində atılan addımların dünya mediasının aparıcı simaları tərəfindən yerindəcə
müşahidə edilməsi, uzun illər ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyalarına
qarşı ən effektiv cavabdır.
Müasir medianın ən böyük böhranlarından biri həqiqət ilə yalan arasındakı sərhədlərin
ifrat dərəcədə şəffaflaşmasıdır. Rəqəmsal platformalarda saxta xəbərlərin sürətlə yayılması
təkcə fərdlərin manipulyasiyasına deyil, həm də dövlətlərin milli təhlükəsizliyinə birbaşa təhdid
yaradır. Şuşa Qlobal Media Forumunun əsas fokus nöqtələrindən biri isə məhz beynəlxalq
dezinformasiyaya qarşı qlobal əməkdaşlıq mexanizmlərinin qurulmasıdır. Heç bir şübhə
yoxdur ki, dünyanın 30-a yaxın beynəlxalq xəbər agentliyinin və 60-dan çox aparıcı media
qurumunun Şuşada bir araya gəlməsi sərhədlərarası media dialoqunun gücləndirilməsinə,
rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması üçün ortaq standartların
müəyyənləşdirilməsinə, qlobal informasiya manipulyasiyalarına qarşı “rəqəmsal həmrəylik”
modelinin formalaşdırılmasına zəmin yaradacaqır.
İnformasiya texnologiyalarının inkişafı, xüsusilə süni intellekt sistemlərinin media
sektoruna daxil olması jurnalistikanın fundamental prinsiplərini yenidən formalaşdırır. Keçmiş
forumların davamı olaraq, builki Şuşa Forumunda da süni intellekt dövründə media etikası və
məsuliyyətli jurnalistika məsələləri ön plana çıxır. IV Şuşa Qlobal Media Forumu sadəcə iki
günlük panel müzakirələrindən ibarət bir tədbir deyil. Bu forum, Azərbaycanın qlobal
informasiya məkanında gündəmi diktə edən, qlobal çağırışlara intellektual və praktiki həllər
təklif edən aktiv bir aktor olduğunu sübut edir. Şuşadan dünyaya yayılan “Həqiqətin bərpası”
çağırışı, beynəlxalq medianın böhrandan çıxması və sülhün xidmətində dayanması üçün
mühüm bir yol xəritəsidir.
Qabil Əliyev,
Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin sədri