Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Şuşa Qlobal Media
Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin
formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz
ifadəsidir. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif
ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini
bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Şuşa Qlobal Media Forumu, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə dolğun, faktlara əsaslanan və birbaşa şəkildə çatdırılması baxımından mühüm
platforma rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-
quruculuq işləri, regionda yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi, nəqliyyat-
kommunikasiya layihələri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq istiqamətində həyata
keçirilən təşəbbüslər məhz bu forum vasitəsilə beynəlxalq media nümayəndələrinin diqqətinə
çatdırılır. Xarici jurnalistlərin və ekspertlərin hadisələri yerində müşahidə etmələri, ölkəmizdə
gedən proseslərlə yaxından tanış olmaları obyektiv informasiya mühitinin formalaşmasına
xidmət edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Sülhün təşviqində medianın missiyası:
Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal
Media Forumunda ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara
söykənən cavablar isə tədbirin əsas məqamlarından biri kimi yadda qaldı.
Dövlətimizin başçısı təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm
də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi.
Möhtərəm Prezidentimiz çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması,
regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi,
beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və
medianın artan məsuliyyəti kimi mühüm məsələləri geniş şəkildə şərh etdi. Ölkəmizin liderinin
cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların
müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas
aktorlardan biridir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər beynəlxalq media
nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra
məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və
qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya
obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması
istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün
praktik addımlar atır. Ölkəmizin təşəbbüsləri heç vaxt qarşıdurmaya deyil, əməkdaşlığın
genişlənməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və qarşılıqlı etimadın
möhkəmləndirilməsinə xidmət edib. Bu siyasətin konkret təzahürlərindən biri Azərbaycan
birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan
qaldırmasıdır. Bu qərar Azərbaycanın humanist və praqmatik yanaşmasının, regionda iqtisadi
əlaqələrin genişlənməsinə verdiyi önəmin bariz nümunəsidir. Bundan başqa, Rusiyadan,
Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük
Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi
statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha
nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli
addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq
yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan
əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir”.
Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti
yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi eyni zamanda, Cənubi Qafqazda
iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun
tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında
ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Ölkə başçımız həmin görüş
zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə
üçtərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh
sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin başçısının
səsləndirdiyi bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli
sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına
verdiyi önəmi bir daha nümayiş etdirir”.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz
tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya
qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da
möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Hazırda ölkəmiz boru
kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir ki, bu da Azərbaycanın beynəlxalq enerji
bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bütün bunlar bir daha
təsdiqləyir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji
siyasəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır. Bu gün
ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə
böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin
müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan
dövlətdir:
Məhz buna görə də Şuşa artıq təkcə tarixi və mədəniyyət şəhəri kimi deyil, beynəlxalq
media diplomatiyasının, sivilizasiyalararası dialoqun və qlobal fikir mübadiləsinin mühüm
mərkəzlərindən biri kimi tanınır. Bu cür beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan
sabitliyi, təhlükəsizliyi, tolerant mühiti və praqmatik xarici siyasəti ilə seçilən ölkədir. Prezident
İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və
qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi