Вернуться назад Распечатать

“Bir Pəncərə” Rəqəmsal Logistika Platforması təqdim edilib

Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi (İS) – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilir.

1xeber.media xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri, eləcə də media nümayəndələri iştirak edirlər.

Bildirilib ki, platforma Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. “Bir Pəncərə” İnformasiya Sistemi idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatların, xidmətlərin və sənəd dövriyyəsinin vahid rəqəmsal mühitdə inteqrasiyasını təmin edir. Sistem xarici iqtisadi fəaliyyət iştirakçılarına ticarət və logistika proseslərinə daha sadə, şəffaf və operativ çıxış imkanı yaradır.

Qeyd olunub ki, yeni platformanın tətbiqi nəticəsində dövlət qurumları və biznes subyektləri arasında məlumat mübadiləsi daha səmərəli təşkil olunacaq, sənədləşmə prosesləri sadələşdiriləcək, xarici ticarət əməliyyatlarının icrası zamanı vaxt və resurs itkiləri minimuma endiriləcək.

Rəqəmsal Logistika Platforması Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə rəqabət qabiliyyətinin artırılması və xarici ticarət proseslərinin tam rəqəmsal mühitə keçirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri hesab olunur.