Azərbaycanla Slovakiya arasında əməkdaşlıq güclənməkdədir. 2024-cü ilin may ayında
Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış
Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərimizi yeni səviyyəyə
yüksəldib. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı
daha da gücləndirməyi hədəfləyir.
İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri də iki ölkə
arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli
münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun
sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə
əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi,
bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər
bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa
dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq
ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki
sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub.
Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Belə ki, Ağdam rayonunun Baş
Qərvənd kəndində Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir. Dövlət başçıları Baş
Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik
Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Bu məktəb Slovakiya
tərəfindən Azərbaycana hədiyyə olunub. Daha bir Avropa ölkəsinin işğaldan azad olunmuş
ərazilərimizin bərpasında iştirakı əsl dostluq nümunəsidir.
Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində də müstəqil və milli maraqlara
əsaslanan siyasətin nümunəsidir: “Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr
Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf
etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli
maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq
apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda
iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və
sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar,
sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq
bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Avropa ölkəsi olan Slovakiyanın liderinin ölkəmizə rəsmi səfərinin Şuşa şəhərindən
başlaması xüsusilə diqqətəlayiqdir. Bu, o deməkdir ki, artıq Şuşa yalnız tarixi-mədəni məkan
deyil, həm də beynəlxalq tədbirlərin, xarici ölkələrin qəbul olunduğu şəhərdir. “Bakıda keçirilən
Azərbaycan-Slovakiya Biznes Forumu isə qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsinə böyük
təkan verəcək.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri