1xeber.media xəbər verir ki, İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani ABŞ-ın Hörmüz boğazına nəzarət cəhdlərinin uğursuzluqla nəticələndiyini iddia edib. Diplomat bu fikirləri RIA Novosti agentliyi üçün yazdığı məqalədə səsləndirib.
Ruzbehaninin sözlərinə görə, Hörmüz boğazı yenidən dünya gündəminin əsas mövzularından birinə çevrilib və bölgədə yaranmış vəziyyət Vaşinqtonun strategiyasının iflasa uğradığını göstərir.
Diplomat bildirib ki, vaxtilə ABŞ-ın Fars körfəzinə tam nəzarət etdiyi barədə deyilənlər artıq İranın müdafiə, raket və geosiyasi imkanlarının üstünlüyü ilə əvəz olunub. Onun iddiasına görə, yaranmış yeni qüvvələr balansı ABŞ ordusunu strateji çıxılmaz vəziyyətə salıb.
Ruzbehani həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazında baş verə biləcək hər hansı insident uzunmüddətli regional münaqişəyə çevrilə bilər.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın İranda hərbi əməliyyatların genişləndirilməsi variantlarını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı. İddialara görə, müzakirə olunan ssenarilər arasında Xark adasının ələ keçirilməsi və İranın yeraltı nüvə obyektlərinə zərbələrin endirilməsi də var. Həmçinin ABŞ-ın son günlər Hörmüz boğazı boyunca İran mövqelərinə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, tərəflərin səsləndirdiyi bu iddialar münaqişə iştirakçılarının açıqlamalarına əsaslanır və onların hamısı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.