1xeber.media xəbər verir ki, Misir avqustun 1-dən etibarən kağız vizaların mərhələli şəkildə rəqəmsal sistemlə əvəzlənməsinə başlayacaq. Bu barədə Misirin Turizm Şirkətləri və Agentlikləri Palatasının məktubuna istinadən Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Məlumata görə, ilk mərhələdə Qahirə Beynəlxalq Hava Limanında QR-kod vasitəsilə girişə nəzarət sistemi sınaqdan keçiriləcək. Pilot layihə uğurla başa çatdıqdan sonra yeni sistem Hurgada və Şarm əl-Şeyx də daxil olmaqla ölkənin bütün hava limanlarında tətbiq ediləcək.
Yeni qaydalara əsasən, hazırda ölkəyə giriş zamanı pasporta yapışdırılan kağız viza markası ləğv ediləcək və onun əvəzinə QR-kod veriləcək.
QR-kodu rəsmi internet saytı, mobil tətbiq və ya hava limanlarının gəliş zallarında quraşdırılacaq özünəxidmət terminalları vasitəsilə əldə etmək mümkün olacaq. Vizanın rüsum və vergilər daxil olmaqla qiyməti 36 ABŞ dolları təşkil edəcək.
Bundan başqa, turizm şirkətləri turistlərin adına QR-kodu səfərdən 48 saat əvvəl rəsmiləşdirə biləcəklər.
Qeyd edək ki, avqustun 1-dən etibarən yeni sistem ilkin olaraq yalnız Qahirə Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək. Pilot mərhələdən sonra isə digər beynəlxalq hava limanlarına da genişləndirilməsi planlaşdırılır.