Вернуться назад Распечатать

Bu lavaşı qətiyyən yeməyin! – Qida eksperti təhlükəli əlamətləri açıqladı

Gəncə və Samuxda yas mərasimlərində qeydə alınan kütləvi qida zəhərlənmələri qida təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb. Aparılan araşdırmalar zamanı iyulun 12-də Gəncədə 7 nəfərin, iyulun 14-də daha 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə hər üç mərasimdə istehlak olunan qidalar təhlil edilib və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyənləşdirilib. Baş verən hadisə kütləvi mərasimlərdə qidaların hazırlanması, saxlanılması və təqdim olunması zamanı sanitar-gigiyenik qaydalara ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirib. Bəs belə zəhərlənmələrin əsas səbəbləri nələrdir və bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə qida eksperti Ağa Salamov  1xeber.media-ya açıqlamasında qeyd edib ki,  hazırda havalar isti keçdiyi üçün lavaşın saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir:
“Çox vaxt istehsaldan sonra lavaşlar primitiv şəkildə polietilen paketlərdə qablaşdırılır. Bu zaman hava dövranı olmadığı üçün paketin içərisində rütubət artır, lavaşların arasında nəmişlik yaranır və nəticədə kif əmələ gəlir. Kif isə mikotoksin deməkdir. Mikotoksinlər insan sağlamlığı üçün təhlükəlidir və qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə immun sistemi zəif olan insanlarda, hətta tam sağlam şəxslərdə belə başgicəllənmə, ürəkbulanma, allergik reaksiyalar və digər zəhərlənmə əlamətləri müşahidə oluna bilər. İstər ictimai iaşə obyektlərində, istər toy və yas mərasimlərində təqdim olunan lavaşlar diqqətlə yoxlanılmalıdır. Toylarda kababla, yas mərasimlərində isə plov və ya halva ilə birlikdə təqdim olunan lavaşların hər birinin arasına baxılmalıdır. Əgər üzərində yaşıl və ya göy rəngli ləkələr görünürsə, bu, kifin və mikotoksinin yaranmasının göstəricisidir”.

O deyib ki, insanlar arasında belə bir yanlış fikir var ki, kiflənmiş hissəni kəsib atmaqla çörəyi və ya lavaşı istifadə etmək olar:
“Bu, tamamilə yanlışdır. Qida eksperti olaraq buna qəti şəkildə etiraz edirəm. Kiflənmiş lavaşı nə özünüz istifadə edin, nə də başqalarına yedizdirin. Saxlanma qaydalarına gəlincə, lavaş soyuducuda +2 - +4°C temperaturda 7 günə qədər, otaq temperaturunda isə 2 günə qədər saxlanıla bilər. Lakin bu müddət ərzində də mütəmadi olaraq yoxlanılmalı, aralarında nəmişlik və kif əmələ gəlmədiyinə əmin olunmalıdır. Əgər yaşıl təbəqələr və ya xırda yaşıl nöqtələr görünərsə, həmin lavaş dərhal utilizasiya edilməlidir. Lavaş etibarlı istehsalçılardan və satış məntəqələrindən alınmalıdır. Marketlərdə də məhsulların dövriyyəsinə diqqət yetirilməlidir. Bəzən rəflərdə köhnə məhsullar uzun müddət qalır, yeni məhsullar isə onların önünə düzülərək satılır. Nəticədə köhnə məhsullarda kif yaranır və bu da mikotoksinlərin əmələ gəlməsinə, dolayısı ilə qida zəhərlənməsi riskinin artmasına səbəb olur. Ona görə də həm istehsalçılar, həm satış məntəqələri, həm də istehlakçılar lavaşın saxlanma şəraitinə və görünüşünə xüsusi diqqət yetirməlidirlər”.
Aysel