Yay mövsümü turizm sektorunun ən aktiv dövrü hesab olunur. Minlərlə Azərbaycan vətəndaşı məhz bu aylarda xarici ölkələrə səyahət etməyi planlaşdırır. Bu səbəbdən turpaketlərin qiymətində baş verən hər bir dəyişiklik həm turistlərə, həm də turizm agentliklərinə birbaşa təsir göstərir.
Ölkədə fəaliyyət göstərən bir çox turizm agentliyi xarici istiqamətlər üzrə turpaketləri əsasən “Summer Tour” vasitəsilə əldə edir. Bu isə şirkətin bazarda olduqca güclü mövqeyə malik olması ilə bağlı müzakirələrə səbəb olur. Bir neçə ay əvvəl “Summer Tour” turizm agentliklərinə göndərdiyi məlumatda hər turist üçün əlavə 60 ABŞ dolları tətbiq etdiyini bildirmişdi. Şirkət bunu aviaşirkət xərclərinin, xüsusilə AZAL tərəfindən tətbiq edilən qiymət artımı ilə əsaslandırmışdı.
Lakin qısa müddət sonra AZAL bu iddiaları təkzib etdi və sözügedən istiqamətlər üzrə “Summer Tour”un açıqladığı formada qiymət artımının olmadığını bildirdi. Bu ziddiyyət turizm sektorunda ciddi suallar yaratdı. Əgər qiymət artımı aviaşirkətdən qaynaqlanmırdısa, əlavə 60 dollar hansı əsasla tətbiq olunmuşdu?
Bazarda alternativ topdansatış şirkətlərinin məhdud olması onları faktiki olaraq mövcud şərtlərlə işləməyə məcbur edir. Nəticədə əlavə xərclər həm agentliklərin gəlirlərinə, həm də son nəticədə turistlərin ödədiyi məbləğə təsir göstərir. Hazırda turizmin ən qaynar mövsümüdür. Minlərlə turpaketin satıldığı nəzərə alınarsa, hər turist üçün tətbiq edilən əlavə 60 dolların ümumi məbləği kifayət qədər böyük maliyyə vəsaiti təşkil edə bilər. Bu isə qiymət artımının iqtisadi əsaslandırılması ilə bağlı müzakirələri daha da aktuallaşdırır.
Bazarda rəqabətin zəifləməsi qiymətlərin formalaşmasına mənfi təsir göstərə, xidmət göstərən şirkətlərin isə daha sərbəst qərarlar qəbul etməsinə şərait yarada bilər. Sağlam rəqabət mühitinin olmadığı hallarda həm agentliklər, həm də istehlakçılar seçim imkanlarını itirirlər.
Turizm bazarında şəffaflığın təmin olunması, qiymət dəyişikliklərinin əsaslandırılması və bazarda rəqabət mühitinin qorunması həm istehlakçıların, həm də turizm sektorunun davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əgər doğrudan da bazarda dominant mövqedən istifadə edilərək qiymətlər süni şəkildə artırılıbsa, bu məsələyə aidiyyəti dövlət qurumlarının münasibət bildirməsi və zərurət yaranarsa araşdırma aparması ictimai maraq baxımından vacib hesab olunur. Turizm bazarında şəffaf və ədalətli rəqabət mühitinin formalaşdırılması həm sahibkarların, həm də vətəndaşların qanuni gözləntilərindən biridir.
Aysel Timur
1xeber.media