Вернуться назад Распечатать

Anestezioloq: Qan komponentlərinin düzgün seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır

Qan komponentlərinə eritrosit kütləsi, trombosit, leykosit və plazma aiddir. Ən çox istifadə olunan komponent eritrosit kütləsidir. Bu komponent hemoqlobinin kritik azalması, massiv qan itkisi, kəskin və xroniki anemiyalarda istifadə olunur. Eritrosit transfuziyası toxumalara oksigen daşınmasını bərpa etmək məqsədi daşıyır.

1xeber.media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Qan Bankının anestezioloq-reanimatoloqu Gülarə Bədəlova deyib.

O qeyd edib ki, trombosit konsentratı aktiv qanaxma və yüksək qanama riski olan xəstələrdə, trombositopeniyalarda tətbiq olunur. Onkohemotoloji xəstələrdə və kimyaterapiyadan sonra trombosit transfuziyası daha önəmlidir.

Təzə dondurulmuş plazma laxtalanma faktorlarının, eləcə də qaraciyər çatışmazlığında istifadə olunur. Hər bir qan komponentinin köçürülməsi klinik və laborator göstəricilərə əsaslanır. Qan komponentlərinin düzgün istifadəsi və seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır. Qan komponentlərinin göstərişə uyğun olaraq düzgün təyini transfuziya fəsadlarının riskini azaldır. Düzgün istifadə çoxorqan çatışmazlığının inkişaf riskini minimuma endirir.

“Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək üçün bir sıra profilaktik tədbirlər həyata keçirilir. Qanvermədən əvvəl donor sorğu vərəqəsinin suallarını cavablandırır. Sonra tibbi müayinədən keçirilir. Hemodinamik göstəricilər - arterial təzyiq, nəbz, bədən temperaturu, çəki, boy, hemoqlobin səviyyəsi yoxlanılır. Sağlamlıq vəziyyəti və əks göstərişləri qiymətləndirilir. Qan donoru sağlam və uyğun şəxslər ola bilər. Qanvermə prosesi tam steril şəraitdə aparılır. Yalnız birdəfəlik və steril alətlərdən istifadə olunur. Qan verən zaman donorun vəziyyəti daim müşahidə edilir. Hansısa yan təsir nəzərə çarpanda dərhal müdaxilə edilir. Qanvermədən sonra donor müəyyən müddət nəzarət altında saxlanılır. Donora bol maye qəbulu və istirahət tövsiyə olunur. Qan nümunələri infeksion markerlərə görə laborator yoxlamadan keçirilir. Bu tədbirlər donorun və resipiyentin sağlamlığının qorunmasına və prosesin təhlükəsiz aparılmasına xidmət edir”, - deyə mütəxəssis bildirib.

Gülarə Bədəlova qanvermə ilə bağlı cəmiyyətdə yayılan miflərin insanların donor olmağa tərəddüd etməsinə səbəb olduğuna diqqət çəkib: “Bu miflərin əksəriyyəti elmi əsaslara söykənmir və düzgün məlumatlandırma ilə asanlıqla aradan qaldırıla bilər. Ən geniş yayılmış miflərdən biri qanvermənin sağlamlığa zərər vurması fikridir. Əslində isə sağlam insan üçün qanvermə təhlükəsizdir və orqanizm itirilən qan həcmini qısa müddətdə bərpa edir. Donor yalnız tibbi müayinədən keçdikdən sonra qan verir və bu, risklərin qarşısını alır. Qan verməkdə tərəddüd edən insanlar üçün əsas tövsiyə ilk növbədə düzgün və etibarlı məlumatlara əsaslanaraq qərar vermələridir. Proses tibbi baxımdan təhlükəsizdir və müasir standartlara uyğun şəkildə həyata keçirilir.

Unutmaq olmaz ki, bir nəfərin verdiyi qan bir neçə xəstənin həyatını xilas edə bilər. Qanvermə yalnız humanitar addım deyil, həm də cəmiyyət qarşısında sosial məsuliyyət nümunəsidir”.