Вернуться назад Распечатать

İşaxtaran və işsiz şəxslər üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

Azərbaycanda işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması nəzərdə tutulur.

1xeber.media xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026–2030-cu illər üçün məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçiriləcək.

İlkin mərhələdə süni intellektə əsaslanan məşğulluq xidmətləri ilə bağlı təkliflər hazırlanacaq. Sonrakı mərhələdə pilot layihələr icra ediləcək.

Tədbirlər Planına əsasən, görüləcək işlərin yekununda süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılması nəzərdə tutulur.