Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də axşam saatlarında Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər Azərbaycan–Almaniya münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji layihələri və regional məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezidentin Almaniyada keçirəcəyi görüşlərin ikitərəfli əlaqələrin gələcək perspektivlərinə təsir edəcəyi gözlənilir.
Bu barədə 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib ki, Azərbaycanla Almaniya arasında stabil, normal münasibətlər var:
“Fərqli regionlarda yaşamağımıza, fərqli tarixi inkişaf yoluna baxmayaraq, hər iki ölkə əməkdaşlığa meyl edir. Görünən odur ki, bu əməkdaşlıq artıq bütün sahələri əhatə etməyə başlayır. Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfərə dəvət edilməsi Almaniyanın siyasi və iqtisadi dairələrinin Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyindən xəbər verir. Azərbaycan buna hazırdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ciddi amillərdən biridir. Digər tərəfdən, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirir, xaricə investisiya layihələrinə ciddi diqqət yetirir. Bu gün Avropada da Azərbaycan kapitalı ilə fəaliyyət göstərən müxtəlif sahələr mövcuddur”.
Onun sözlərinə görə, tərəflər həm ikitərəfli münasibətləri dərinləşdirmək, dövlətçilik siyasətində ortaq nöqtələri artırmaq, həmçinin yeni layihələri müzakirə etmək niyyətindədirlər:
“Prezidentin Almaniya səfərinin ilk günü Şərq İqtisadi Komitəsinin rəhbəri ilə görüşü onu göstərdi ki, iqtisadi sahədə əməkdaşlığımız artıq enerji sektorundan kənara çıxmağa başlayıb. Prezidentimizin Almaniyaya səfəri uğurla keçəcək. Almaniya dünyanın inkişaf etmiş ölkələrindən biridir. Onun dünya məsələlərinin həllinə təsiri çox böyükdür və xarici siyasətində həmişə ciddi addımlar atması ilə tanınır. Almaniyanın Azərbaycanla münasibətləri gələcəkdə təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmayacaq, həm də Avropa ilə Asiya, inkişaf etmiş dünya ilə orta güc dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”.
Aysel