1xeber.media xəbər verir ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi genişmiqyaslı hücumun əsas hədəflərindən birinin Krım olduğunu bildirib.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna dronları Simferopol istiqamətində, eləcə də Belqorod vilayətində enerji obyektlərinə doğru göndərilib.
"Arxangel spetsnaza" Telegram kanalının müəllifləri iddia ediblər ki, Ukrayna PUA-ları Krasnodar diyarı, o cümlədən Anapa üzərində də müşahidə olunub və həmin ərazilərdə hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərib. Həmçinin Stavropol diyarı üzərində də dronların vurulduğu bildirilib.
Məlumata görə, Ukrayna qüvvələri Lipetsk şəhərində yerləşən sənaye obyektlərinə də zərbə endirməyə cəhd göstərib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, iyulun 20-dən 21-nə keçən gecə ölkənin müxtəlif regionları üzərində 209 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Bildirilir ki, hücum nəticəsində Rostov, Ryazan, Kaluqa vilayətləri, Moskva regionu və Krım da daxil olmaqla 11 region hədəfə alınıb.
Bundan əvvəl Vladimir şəhərində Ukrayna PUA-sının çoxmənzilli binaya düşdüyü, hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Belqorod vilayətinin hakimiyyət orqanları isə son sutka ərzində hücumlar nəticəsində 9 nəfərin öldüyünü, 77 nəfərin yaralandığını açıqlayıb.
Qeyd: Məlumat Rusiya tərəfinin açıqlamalarına əsaslanır və bütün iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.