Вернуться назад Распечатать

Mişustin Rusiya məhsullarına tələbin artırılmasının vacibliyini bildirib

1xeber.media xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin ölkə daxilində istehsal olunan məhsullara tələbin stimullaşdırılmasının davam etdirilməsinin vacib olduğunu deyib.

Mişustin Sənayenin İnkişafı Fondunun direktoru Roman Petrutsa ilə görüşdə bildirib ki, hakimiyyət yüksək əlavə dəyər yaradan emal sahələrində investisiya layihələrinin həyata keçirilməsinə, müəssisələrin modernləşdirilməsinə və yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına dəstək verməlidir.

Baş nazirin sözlərinə görə, Sənayenin İnkişafı Fondu Rusiyada müasir və yüksək texnologiyalı istehsal sahələrinin formalaşmasına kömək edir.

Mişustin qeyd edib ki, fondun dəstəyi ilə yaradılan məhsullar Yekaterinburqda keçirilən "İnnoprom" sənaye sərgisində də təqdim olunur. Onun sözlərinə görə, bu məhsullar tibb sənayesi, dərman istehsalı, avtomobilqayırma, dəzgahqayırma, rabitə, faydalı qazıntıların hasilatı və digər sahələrdə istifadə edilir.

Bundan əvvəl Mişustin Rusiya iqtisadiyyatı üçün aktual problemlərdən biri kimi kadr çatışmazlığını göstərmişdi. Baş nazirin sözlərinə görə, ölkədə işsizlik səviyyəsi uzun müddətdir ki, minimum göstəricilərdədir və son hesablamalara əsasən 2,2 faiz təşkil edib.