1xeber.media xəbər verir ki, NATO regionda təhlükəsizlik vəziyyətinin kəskinləşəcəyi təqdirdə Litvada əlavə hərbi qüvvələr yerləşdirə bilər.
Bu barədə Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Deyvidas Matulionis bildirib. Onun sözlərini LRT yayıb.
Matulionisin sözlərinə görə, vəziyyətin kritik həddə çatdığını göstərən əlamətlər olarsa, alyans əlavə qüvvələr və hava hücumundan müdafiə vasitələri ayıra bilər.
"Biz xəbərdarlıqlar etmişik və alyans buna çox ciddi yanaşır. Əgər bütün göstəricilər vəziyyətin kritik olduğunu göstərsə, əlavə qüvvələrin və hava hücumundan müdafiə vasitələrinin ayrılacağına şübhəm yoxdur", – deyə o bildirib.
Litva rəsmisi qeyd edib ki, belə bir vəziyyətin yaxın aylarda Baltikyanı regionda Rusiyanın guya mümkün təxribatları səbəbindən yarana biləcəyini istisna etmir. Bununla yanaşı, o, Rusiyanın NATO üzvü olan ölkələrdən birinə hücuma hazırlaşdığını ehtimal etmədiyini bildirib.
Bundan əvvəl Rusiya və Belarusla həmsərhəd olan NATO ölkələrinin mümkün münaqişənin ilk günlərində öz qüvvələrinə arxalanmaq ssenarisinə hazırlaşdığı barədə məlumat yayılmışdı. Bildirilir ki, Litva və digər Baltikyanı ölkələr "Baltik müdafiə xətti" çərçivəsində tikanlı məftillər, beton maneələr, tank əleyhinə xəndəklər və bunkerlər kimi istehkamlar qurur.
Qeyd: Xəbərdə yer alan fikirlər və ehtimallar ayrı-ayrı tərəflərin açıqlamalarına əsaslanır.