1xeber.media xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkələrə ötürməsi ehtimalını şərh edib.
Cabarovun sözlərinə görə, belə bir addım Rusiyanın xüsusi riskləri ilə müşayiət olunmur, lakin Moskva Ankara ilə əvvəlcədən razılaşdırılmış mexanizmlərə əməl olunacağına ümid edir.
Senator bildirib ki, S-400 sistemlərinin satışı zamanı tərəflər arasında müəyyən razılaşmalar olub və Türkiyə bu mexanizmlər çərçivəsində hərəkət etməlidir.
"Rusiya üçün xüsusi risk görmürəm. Əsas məsələ S-400-lərin Türkiyəyə satışı zamanı razılaşdırılmış mexanizmin yerinə yetirilməsidir", – deyə Cabarov bildirib.
Daha əvvəl Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkənin Rusiya istehsalı olan S-400 sistemlərinin üçüncü ölkələrə re-ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. Məsələnin Türkiyənin ABŞ istehsalı olan F-35 qırıcıları proqramına qayıtması qarşısındakı maneələrin aradan qaldırılması fonunda müzakirə edildiyi bildirilir.
Mətbuatda yayılan məlumatlara görə, Türkiyənin əvvəllər Rusiyadan aldığı S-400 sistemlərini Körfəz ölkələrindən birinə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə sata biləcəyi iddia olunub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu mövzunun "həssas məsələlər" kateqoriyasına aid olduğunu bildirib.