“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Məlumdur ki, Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücüdür. Azərbaycan isə Cənubi Qafqazın lider dövləti və Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş ölkələrdən biridir. O baxımdan da bu səfər ikitərəfli münasibətləri daha geniş geosiyasi kontekstdə aktuallaşdırır”.
Bunu 1xeber.media-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
O deyib ki, son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması, alternativ enerji marşrutlarının və etibarlı tərəfdaşların əhəmiyyətinin artması Azərbaycanı Almaniya üçün strateji əhəmiyyət daşıyan ölkələrdən birinə çevirib:
“Bu baxımdan səfər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli siyasi platforma yaradır. Şübhə yoxdur ki, enerji sahəsi səfərin əsas gündəm mövzularından biri olacaq. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır və təbii qaz ixracı ilə yanaşı, artıq yaşıl enerji sahəsində də böyük potensiala malik ölkə kimi çıxış edir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və yaşıl enerjinin Avropaya ixracı ilə bağlı təşəbbüslər Almaniyanın enerji keçidi strategiyası ilə üst-üstə düşür. Almaniyanın bu sahədə qabaqcıl texnologiyalara və maliyyə resurslarına malik olması Azərbaycanın yaşıl enerji layihələrinin reallaşdırılmasına əlavə impuls verə bilər. Bu isə yalnız iqtisadi əməkdaşlığı genişləndirməyəcək, həm də tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasına xidmət edəcək”.
Onun sözlərinə görə, iqtisadi münasibətlər baxımından da səfər yeni perspektivlər açır:
“Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, yüksək texnologiyalar, sənaye, maşınqayırma, nəqliyyat, rəqəmsallaşma və peşə təhsili sahələrində böyük təcrübəyə malikdir. Qarşılıqlı investisiyaların artırılması, Almaniya şirkətlərinin Azərbaycanda həyata keçirilən sənaye, logistika, infrastruktur və bərpa olunan enerji layihələrində iştirakının genişləndirilməsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yarada bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesində alman texnologiyalarının və investisiyalarının cəlb edilməsi qarşılıqlı faydalı əməkdaşlıq istiqaməti kimi qiymətləndirilə bilər. Səfərin siyasi aspekti də diqqətəlayiqdir. Almaniya Avropa İttifaqında qərarların formalaşmasına təsir edən əsas dövlətlərdən biri olduğundan Bakı ilə Berlin arasında siyasi dialoqun intensivləşməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına da müsbət təsir göstərə bilər. Regional təhlükəsizlik, Cənubi Qafqazda sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya layihələri və postmünaqişə dövrünün çağırışları üzrə fikir mübadiləsi tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər. Bu dialoq Azərbaycanın regionda oynadığı geosiyasi və iqtisadi rolun Avropa tərəfindən daha dolğun qiymətləndirilməsinə də töhfə verə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirə biləcək hadisə kimi qiymətləndirilə bilər”.
Aysel