Вернуться назад Распечатать

“Almaniya ilə münasibətlərdə yeni qərarlar qəbul oluna bilər”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki istiqaməti əhatə edəcəyini düşünürəm. Birincisi, siyasi əlaqələrə, ikincisi isə iqtisadi, o cümlədən ticarət-iqtisadi münasibətlərə təsir göstərə bilər. Təbii ki, Almaniya Avropa İttifaqının kifayət qədər nüfuzlu dövlətlərindən biridir və demək olar ki, İttifaqın iqtisadi lokomotivi hesab olunur. Azərbaycanın da əsas ticarət tərəfdaşlarından biridir”.
Bu sözləri 1xeber.media-ya açıqlamasında  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
O qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Almaniyanın enerji tələbatı ciddi şəkildə artıb:
“Azərbaycan artıq Avropanın 12-dən çox ölkəsinə təbii qaz ixrac edir, ölkəmizin etibarlı enerji tərəfdaşı olması Almaniyanın diqqətindən kənarda qala bilməz. Bu baxımdan Almaniya da öz iqtisadi maraqlarını nəzərə alaraq siyasi əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərinin əsas məqsədlərindən biri tərəflər arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, eyni zamanda regional və beynəlxalq müstəvidə əməkdaşlığa töhfə verilməsidir. Bunlar kifayət qədər mühüm məsələlərdir. Düşünürəm ki, Azərbaycanın Almaniya ilə ticarət əlaqələri siyasi münasibətlərə də təsir göstərir. Son dövrlər Avropa Şurası ilə Azərbaycan arasında yaranmış ziddiyyətlər, Avropa İttifaqının Ermənistan–Azərbaycan məsələsində tutduğu bəzi xoşagəlməz mövqelər, eləcə də Avropanın bir sıra dövlətlərinin anti-Azərbaycan ritorikası ilə çıxış etməsi, şübhəsiz ki, həm Azərbaycan, həm də Almaniya tərəfinin diqqətindən yayınmır”.

Politoloq deyib ki, həmin məsələlər də məhz Almaniyada keçiriləcək görüşlər zamanı müzakirə ediləcək mövzular sırasında olacaq:
“Enerji əməkdaşlığına gəldikdə isə, Almaniyanın enerji tələbatının müəyyən hissəsinin Azərbaycan tərəfindən qarşılanması imkanları müzakirə oluna və bununla bağlı konkret qərarlar qəbul edilə bilər. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma və bərpa işlərinə Almaniya şirkətlərinin cəlb olunması potensialı da mövcuddur. Hesab edirəm ki, bu məsələ də müzakirə predmeti olacaq. Bir sözlə, münasibətlərdə inkişaf gözləniləndir. Lakin bu, tərəflərin nümayiş etdirəcəyi siyasi iradədən, qəbul ediləcək qərarlardan, eləcə də beynəlxalq siyasi, hərbi və iqtisadi şəraitdən asılı olacaq. Əgər bu amillərin hər biri müsbət istiqamətdə formalaşarsa, düşünürəm ki, səfərin nəticələrinin uğurlu olacağına ümid etmək daha doğru olar”.

Aysel