Paytaxtın ən böyük dövlət xəstəxanalarından olan Kliniki Tibbi Mərkəzdə xəstələrin daşınması üçün istifadə olunan PVC su borularından hazırlanmış xərəyin videoları yayılıb. Əlbətdə, vəziyyətin özü kifayət qədər biabırçı olduğu halda, onu izah etmək üçün verilən açıqlama daha biabırçı, insanları lağa qoymaqdan başqa bir şey deyil.
Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, bu, MRT üçün hazırlanıb və "dünya praktikasında istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir".
Doğrudanmı?
Azərbaycanın səhiyyə sisteminə hər il yüz milyonlarla, hətta milyardlarla manat vəsait ayrılır. Dövlət xəstəxanası beynəlxalq standartlara uyğun sertifikatlı MRT xərəyi ala bilmir, amma xəstəni PVC su borularından yığılmış konstruksiya ilə daşıyır?
Sonra da buna "dünya praktikası" adı verilir?
Əgər bu həqiqətən "dünya praktikasıdır", onda ictimaiyyətə konkret cavab verin:
Hansı ölkədə, hansı xəstəxanada, hansı istehsalçının məhsuludur? Hansı beynəlxalq standarta uyğundur?
Yoxsa "dünya praktikası" ifadəsi sadəcə cəmiyyəti aldatmaq, bəlkə də lağa qoymaq üçün işlədilmiş növbəti ümumi çıxış yoludur? Gedin özünüzü lağa qoyun, kənardan əməllərinizə baxıb özünüzə nə qədər istəyirsiz gülün...
Videoda görünən konstruksiya tibbi avadanlıq deyil, hansısa santexnikin PVC borularından yığdığı Azərbaycan səhiyyəsi üçün böyük biabırçılıqdır. Əgər bu doğrudan da xəstə daşımaq üçün istifadə edilirsə, onda cavab verin...
Bu xərəki kim hazırlayıb?
Hazırlanmasına hansı qurum icazə verib?
Neçəyə başa gəlib?
Texniki sənədləri haradadır?
Sertifikatı varmı?
Yükdaşıma qabiliyyəti necə yoxlanılıb?
Ən əsası, sabah bu konstruksiya sınsa və xəstə xəsarət alsa, məsuliyyəti kim daşıyacaq?
Təəssüf doğuran digər məqam isə bəzi media orqanlarının bu məsələyə yanaşmasıdır. Jurnalistikanın işi dövlət qurumlarının dediklərini olduğu kimi köçürmək deyil. Əgər TƏBİB-dən, KTM-dən reklam alırsızsa, pul qazanırsızsa, bu o demək deyil ki, onlar insanları açıqlamaları ilə lağa qoyacaq, siz də bunu dərc edəcəksiz... "Dünya praktikasıdır" cümləsini araşdırın, görün onlar sizə gülür, yoxsa yox?
Bu ölkədə xəstəxanalar üçün milyonlarla manatlıq avadanlıq alınır. Belə olan halda, paytaxtın ən böyük tibb müəssisələrindən birində xəstələrin PVC su borularından hazırlanmış xərəkdə daşınması qəbulolunan hal sayıla bilmərmi?
Əgər bu, həqiqətən tibbi standartlara uyğun avadanlıqdırsa, bütün sənədlər ictimaiyyətə açıqlansın. Yox, əgər bu, kustar üsulla hazırlanmış konstruksiyadırsa, onda bunu "dünya praktikası" adı ilə müdafiə etmək yox, buna yol verənlər cavab verməlidir.
Xəstəxana eksperiment meydançası deyil. İnsan həyatı isə "ucuz həll" anlayışı ilə ölçülə bilməz. Dövlət büdcəsindən ayrılan vəsaitin fonunda belə mənzərə təkcə təəccüb deyil, ciddi məsuliyyət və hesabat tələb edən bir məsələdir.
Qeyd edək ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin direktoru Könül Ələkbərovdur.
Ədil Hüseynov