Вернуться назад Распечатать

Azərbaycanlı alim Türkiyənin ən nüfuzlu tibb kitabının müəllifləri sırasında

Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabı nəşr olunub.

​Ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən bu fundamental əsərdə Azərbaycan tibb elmi də təmsil edilib.

1xeber.media xəbər verir ki, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.

​Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir.

​Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar geniş şəkildə təqdim olunub.

​Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialını paylaşmaq baxımından önəmlidir.

​Qeyd edək ki, “Kalp ve Damar Cerrahisi” kitabı ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi hazırlanıb.

Kitabı onlayn platformalardan əldə etmək mümkündür: https://akademisyen.com/pac-kalp-ve-damar-cerrahisi-cilt-1-2-3