Vətən insanın doğulduğu torpaqdan çox daha böyük, daha müqəddəs bir anlayışdır. O, xalqın tarixi yaddaşı, milli kimliyi və şəhidlərin qanı bahasına qorunub saxlanılan müqəddəs mirasdır. Məhz buna görə də Vətənə sədaqət hər bir insanın mənəvi borcu, xəyanətə yuvarlanmaq isə bir insanın düşə biləcəyi ən ağır mənəvi tənəzzüldür.
Fikir ayrılığı, tənqid və fərqli siyasi baxışlar demokratik cəmiyyətin təbii hissəsidir. Lakin tənqid adı altında xaricdən dövlətin milli maraqlarına zərbə vurmaq, ölkənin beynəlxalq nüfuzunu hədəf almaq və şəxsi ambisiyaları Vətəndən üstün tutmaq sadəcə narazılıq deyil, birbaşa satqınlıqdır. Kim öz dövlətinə, xalqına qarşı çıxırsa, tarix və milli yaddaş onu heç vaxt bağışlamır. Xəyanətkarlar nə qədər özlərinə haqq qazandırmağa çalışsalar da, sonda yalnız xalqın nifrətini və vicdan qarşısındakı ən böyük məğlubiyyəti qazanırlar.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə xaricdə yaşayan bloqer Tural Sadıqlı arasında baş verən dialoq bu həqiqəti bir daha aydın göstərdi. Dövlət rəsmisi təmkinli və ləyaqətli duruşu ilə qarşı tərəfin bütün iddialarını neytrallaşdıraraq, cəmi 90 saniyə ərzində prinsipial bir mənəvi dərs verdi. Hikmət Hacıyev xəyanət yolunu seçənlərin acınacaqlı durumunu bu sözlərlə ifşat etdi: “Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Mən Azərbaycan mediasına baxıram. Azərbaycanda peşəkar media da var. Ancaq sizə bir şey deyim, həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir. Bunu bədbəxtlik sayıram. Mənim haqqımda nə deyirsinizsə, bundan sonra 5 qat artıq deyin, amma mən sizin mövcud durumunuza acıyıram”". Hikmət Hacıyevin dediyi kimi, belə insanlara qəzəbdən çox acımaq lazımdır. Çünki Vətənini və mənsubiyyətini itirən insan zatən ən böyük bədbəxtliyi yaşamış olur.
Deputat diqqətə çatdırıb ki, Tural Sadıqlı xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun zəfər yürüşünə kölgə salmağa çalışan, Ermənistanın tezisləri ilə üst-üstə düşən açıqlamaları ilə ictimaiyyətin kəskin etirazına səbəb olmuşdu.
Dövlətə və milli maraqlara qarşı fəaliyyət göstərən Tural Sadıqlı barəsində Cinayət Məcəlləsinin dələduzluq, terrorçuluğa açıq çağırışlar və digər maddələri ilə cinayət işi başlanılıb. İstintaqdan yayınan bloqer barəsində işə Bakı Ağır Cinayətlər Məhkəməsində qiyabi qaydada baxılıb və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
K.Bayramov əlavə edib ki, siyasi baxışından və harada yaşamasından asılı olmayaraq, heç kim milli təhlükəsizlik və dövlət maraqları mövzusunda qırmızı xətləri keçməməlidir. Azad söz adı altında ölkəyə qarşı aparılan qərəzli kampaniyalar heç bir cəmiyyətdə peşəkar fəaliyyət sayılmır. Hüquqi müstəvidə verilən cəza ilə yanaşı, xalqın verdiyi mənəvi qiymət hər zaman daha kəsərli və qətidir.