Вернуться назад Распечатать

  151 illik cığır: Qələmi və obyektivi ədalətə köklənən gizli qəhrəmanların günü!

151 illik cığır: Həqiqətin fəhləsi olan bütün həmkarlarımıza salam olsun!

Bu gün təqvim 22 iyulu göstərir. Azərbaycan mətbuatının "Əkinçi" qəzeti ilə başlayan o şərəfli, keşməkeşli və fədakar yolunun 151-ci ili tamam olur. Amma bu gün bizim üçün sadəcə təqvimdə qırmızı rənglə qeyd olunan rəsmi bir bayram günü deyil. Bu gün sözün çəkisinə inananların, həqiqətin arxasınca yorulmadan qaçanların, kameranın arxasında ömür əridənlərin, səsi batıb cümləsi gur çıxanların günüdür.
Media sahəsində çalışmaq kənardan parlaq, cəlbedici görünə bilər. Lakin bu peşənin içində olan hər bir həmkarımız yaxşı bilir ki, jurnalistika bəzən gecəni gündüzə qatmaq, bəzən ailənə ayıracağın vaxtdan kəsib cəmiyyətin fəryadına qaçmaqdır. Biz sadəcə xəbər istehsal etmirik; biz həm də cəmiyyətin güzgüsü, haqsızlığa uğrayan vətəndaşın səsi, qaranlıq künclərə tutulan işığıq.
Ölkənin hər bir qarışında vətəndaşın problemini öz dərdi bilib kameraya, diktofona sarılan, hər bir çətinliyə rəğmən peşə prinsiplərindən geri addım atmayan minlərlə çılğın qələm sahibi var. Bax, bu bayram ən çox onların, o gizli qəhrəmanların, medianın əsl zəhmətkeşlərinin haqqıdır.
Biz, "1xeber.media " ailəsi olaraq, bu çətin, lakin bir o qədər də qürurlu yolda çiyin-çiyinə addımladığımız, eyni həyəcanı və eyni yorğunluğu paylaşdığımız bütün həmkarlarımızı, jurnalist dostlarımızı və media işçilərini ürəkdən təbrik edirik.
Qoy qələminiz heç vaxt susmasın, kameranızın obyektivi həmişə ədaləti çəksin. 151 yaşımız mübarək, əziz həmkarlar! Yaxşı ki, varsınız!
Aidə Tofiqqızı