Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq
prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəfdaş
kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə,
eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfələr verir.
Xüsusilə, Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur.
Ölkəmiz siyasi dialoqun genişlənməsində, iqtisadi əlaqələrin dərinləşməsində, enerji təhlükəsizliyinin
möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik siyasəti
və liderliyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib,
qarşılıqlı maraqlara əsaslanan münasibətlər isə yeni inkişaf mərhələsinə yüksəlib.
Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə
münasibətlərində formalaşmış etimad mühitinin, ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi
çəkisinin növbəti ifadəsi kimi yadda qaldı. Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli
münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi hadisə oldu. Xüsusilə nəzərə almaq
lazımdır ki, səfər Almaniya Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında həyata keçirildi və bu da
Azərbaycan Almaniya dialoqunun ən yüksək siyasi səviyyədə davam etdirildiyini göstərir.
Ölkə başçısının Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin
diqqətçəkən məqamları sırasında yer aldı. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və
investisiya mühitinə marağın artdığını nümayiş etdirdi. Aparılan müzakirələr yeni layihələrin
reallaşması, biznes əlaqələrinin genişlənməsi və uzunmüddətli tərəfdaşlıq üçün mövcud potensialı
ortaya qoydu. Yeni mərhələdə əməkdaşlığın enerji təhlükəsizliyi ilə məhdudlaşmayaraq bərpaolunan
enerji, yaşıl keçid, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, səhiyyə, peşə təhsili və alman
şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətlərində genişlənməsi də mümkündür.
Prezidentin səfər çərçivəsində Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşü də
iqtisadi əməkdaşlığın səfərin əsas gündəliklərindən biri olduğunu göstərdi.
Azərbaycan Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyması iki ölkə arasında
əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı məqamlar enerji,
nəqliyyat, investisiya və yaşıl enerji istiqamətlərində mövcud potensialın kifayət qədər böyük olduğunu
nümayiş etdirir. Almaniyanın Avropanın aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda artan rolu
Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Almaniyanın regionda sülh prosesinə verdiyi
dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə,
tranzit imkanlarının genişləndirilməsi və Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına
çevrilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bu amillər Azərbaycan Almaniya
əməkdaşlığının gələcəkdə daha geniş miqyas alacağına və regionda sabitliyin möhkəmlənməsinə
mühüm töhfə verəcəyinə əsas verir.
Səfər çərçivəsində Kansler Fridrix Mertsin Azərbaycan ilə Almaniya arasında davamlı və
məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm bəyanatı ölkəmizə göstərilən ehtiramın, Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin,
habelə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsi kimi
yadda qaldı.
Bütövlükdə bu səfəri Azərbaycan Almaniya münasibətlərində mövcud imkanların daha səmərəli
reallaşdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmək olar. Əminliklə demək
mümkündür ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi dialoqun
daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq. Səfərin
nəticələri Azərbaycanın Avropa ilə tərəfdaşlıq gündəminə yeni məzmun gətirəcək, əməkdaşlığın
praktik müstəvidə daha məhsuldar nəticələr verməsinə şərait yaradacaq. Bu isə Avropanın enerji
təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi maraqları baxımından faydalı nəticələr vəd edir və səfər
Azərbaycan Almaniya dialoqunda yeni səhifə kimi yadda qalacaq.
Rauf Zeynalov,
Sabirabad şəhər sakini, təqaüdçü