Вернуться назад Распечатать

Dərin qarşılıqlı rəğbətə əsaslan Azərbaycan-Özbəkistan münasibətləri

 

Daşkəndə dövlət səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi geniş müsahibə ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın
institusional, hüquqi və siyasi-geopolitik mahiyyətini hərtərəfli əks etdirən konseptual dövlət
sənədi xarakteri daşıyır. Bu tarixi müsahibə iki qardaş ölkə arasında ən yüksək müttəfiqlik
səviyyəsinə yüksəlmiş münasibətlərin hazırkı vəziyyətini, tarixi inkişaf dinamikasını və Avrasiya
coğrafiyasında yaradılmış yeni geosiyasi reallıqların regional inteqrasiyaya təsirlərini sistemli
şəkildə ortaya qoyur.
Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında dövlətlərarası
münasibətlərin formalaşma mərhələsi hamar xətt üzrə inkişaf etməmiş, postsovet məkanında
müstəqilliyin ilk illərindəki mürəkkəb siyasi şərait və daxili idarəetmə böhranları ikitərəfli
əlaqələrə ciddi mənfi təsir göstərmişdi. Xüsusən, 1990-cı illərin əvvəllərində Azərbaycanda
hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xarici siyasətdəki səriştəsizliyi, emosional və
institusional mexanizmlərdən uzaq yanaşması Mərkəzi Asiya dövlətləri, o cümlədən
Özbəkistan ilə diplomatik əlaqələrin faktiki olaraq sıfırlanmasına və qırılmasına gətirib
çıxarmış, siyasi dialoqun olmaması və xarici siyasətdəki xaotik addımlar iki qardaş ölkə
arasında təbii inteqrasiya imkanlarını dondurmuşdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün
sahələrdəki durğunluğa son qoyduğu kimi, Azərbaycanın uğursuz xarici siyasət kursunu da
müsbət mənada köklü surətdə dəyişdi. Ulu Öndərin uzaqgörən diplomatiyası və şəxsi nüfuzu
sayəsində Özbəkistanla dayandırılmış dialoq böyük çətinliklərlə bərpa olundu, qarşılıqlı etimad
mühiti yenidən formalaşdırıldı. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilərək əlaqələrimiz tam yeni müstəviyə – strateji müttəfiqlik
səviyyəsinə yüksəldildi. Bu çərçivədə heç şübhəsiz ki, mütəmadi qarşılıqlı səfərlər və
imzalanmış beynəlxalq-hüquqi sənədlər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələsinin
bazisini təşkil edir. Bu xüsusda, BMT Nizamnaməsinin suveren bərabərlik, ərazi bütövlüyü və
suverenliyə hörmət prinsiplərinə tam uyğun şəkildə imzalanmış “Strateji tərəfdaşlığın
dərinləşdirilməsi haqqında Bəyannamə”, daha sonra “Müttəfiqlik münasibətləri haqqında
Müqavilə” iki suveren dövlət arasında qarşılıqlı öhdəlikləri və təhlükəsizlik parametrlərini
müəyyən edən təməl fundamental beynəlxalq-hüquqi aktlar kimi qeyd edilə bilər. 2023-cü ilin
avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün
mühüm institusional mexanizmə çevrilib.
İqtisadi müstəvidə nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan
İnvestisiya Şirkəti və 15 iclası keçirilmiş Hökumətlərarası Komissiya ticarət-iqtisadi əlaqələrin
hüquqi bazasını möhkəmləndirir. Ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq, 795
milyon dollara çatması, 130-dan çox özbək sərmayəli şirkətin Azərbaycanda fəaliyyət
göstərməsi, “Chevrolet” və “Isuzu” markalı avtomobil/avtobus istehsalı, habelə Füzulidə 100
hektarlıq “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin inşası iqtisadi və humanitar
inteqrasiyanın əyani göstəricisidir.
Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində
qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror
tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, xarici diktatı və
regional hegemonluğu rədd edən yeni müstəqil dövlətçilik modeli ortaya qoyması Mərkəzi
Asiya dövlətləri, o cümlədən Özbəkistan üçün öz suverenliyini möhkəmləndirmək, xarici
təzyiqlərdən azad müstəqil xarici siyasət yürütmək və regional güc mərkəzi kimi çıxış etmək
istiqamətində tarixi bir şans yaradır. Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası və
inkişaf etdirilmiş nəqliyyat infrastruktur şəbəkəsi Azərbaycanı Avropa və dünya bazarlarına
açılan etibarlı suveren qapıya çevirməsi Mərkəzi Asiyadan Bakıya baxışı köklü surətdə
yeniləyib. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə Azərbaycanın tamhüquqlu
üzv kimi daxil olması ilə əvvəllər “C5” kimi tanınan platforma faktiki olaraq “C6” strateji
formatına çevrilib. Bu format Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid geoiqtisadi və
geosiyasi blokda birləşdirərək Avrasiya məkanında üçüncü dövlətlərin birtərəfli hegemonluq
cəhdlərini neytrallaşdırır və Türk dünyasının vahid güc mərkəzinə çevrilməsini sürətləndirir.
İki ölkənin yaşıl enerji sahəsindəki strateji tərəfdaşlığı regional geoiqtisadiyyata yeni nəfəs
verir. Prezident İlham Əliyevin UzA müsahibəsində də vurğulandığı kimi Azərbaycan,

Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda təsis olunmuş
“Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji
dəhlizi layihəsinin praktiki icrasını təmin edən mühüm institutional platformadır. Mərkəzi
Asiyanın bərpaolunan enerji potensialının Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan isə
Avropaya nəqlini nəzərdə tutan bu layihə regionun qlobal enerji keçidindəki strateji rolunu
artırır və tərəflərin tranzit müstəqilliyini daha da möhkəmləndirir. İkitərəfli və regional
inteqrasiyanın ən mühüm siyasi və mənəvi sütunlarından birini təşkil edən Türk Dövlətləri
Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi strateji çəkiyə malikdir. Azərbaycan və Özbəkistan
TDT-ni təkcə dövlətlərarası dialoq platforması kimi deyil, Türk dünyasının siyasi, iqtisadi, hərbi
və geosiyasi güc mərkəzinə çevrilməsini təmin edən aparıcı platforma kimi dəyərləndirir.
Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün qərarları,
imzalanan bəyannamələr və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv
qəbul edilməsi təşkilat daxilindəki institusional və mənəvi-mədəni inteqrasiyanı tamamlayır.
Bakı və Daşkənd TDT, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx koordinasiya
olunmuş fəaliyyətlə beynəlxalq arenada vahid mövqedən çıxış edirlər. Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni geosiyasi reallıqlarla
zənginləşdirdiyi bu strateji xətt göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi təkcə iki ölkənin
milli maraqlarına xidmət etmir, həm də geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin,
dənizə çıxışı olmayan ölkələr üçün suveren qapıların və davamlı tərəqqinin ən etibarlı
təminatçısı kimi çıxış edir.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri