Azərbaycan və Özbəkistan münasibətlərində son illərdə müşahidə olunan dinamika göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik çərçivədən çıxaraq konkret iqtisadi və strateji məzmun qazanıb. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində iqtisadi-ticari əlaqələrə xüsusi diqqət yetirməsi də məhz bu reallığı əks etdirir.
1xeber.media xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, Azərbaycanla Özbəkistanın iqtisadi yaxınlaşması üçün kifayət qədər ciddi əsaslar var. Hər iki ölkə həm coğrafi mövqeyinə, həm də iqtisadi imkanlarına görə bir-birini tamamlayır. Azərbaycan Xəzər dənizi vasitəsilə Qərbə çıxış imkanlarına və mühüm nəqliyyat infrastrukturlarına malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və mühüm iqtisadi mərkəzlərindən biridir. Bu iki potensialın birləşməsi əməkdaşlığı yalnız ikitərəfli deyil, regional müstəviyə də çıxarır.
"İki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ildə 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması diqqətçəkən göstəricidir. Ancaq burada əsas məsələ rəqəmin özündən daha çox artımın hansı istiqamətdə davam edəcəyidir. Çünki iki ölkənin iqtisadi potensialı mövcud ticarət göstəricilərindən xeyli böyükdür. Qarşıdakı mərhələdə məqsəd təkcə daha çox məhsul alıb-satmaq deyil, birgə istehsalı və qarşılıqlı investisiyaları artırmaq olmalıdır.
Bu baxımdan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 500 milyon dollarlıq kapital bazası iki ölkənin biznes dairələri üçün yeni imkanlar yaradır. “Chevrolet” və “Isuzu” istehsalı, Füzulidə “Dostluq bağı”nın salınması, Azərbaycanda Özbəkistan investisiyalı şirkətlərin fəaliyyəti və yerli şirkətlərimizin Özbəkistandakı layihələri artıq siyasi bəyanatların real iqtisadi nəticələrə çevrildiyini göstərir.
Digər tərəfdən Azərbaycan və Özbəkistanın qarşısında nəqliyyat və logistika sahəsində daha böyük imkanlar açılır. Orta Dəhlizin inkişafı, Mərkəzi Asiyanın Avropa bazarları ilə əlaqələrinin genişlənməsi və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional marşrutlarla inteqrasiyası iki ölkənin strateji əhəmiyyətini artırır. Bu istiqamətdə əməkdaşlıq yalnız yükdaşımaların artması demək deyil. Yeni logistika mərkəzləri, sənaye və xidmət sahələri də bu prosesdən faydalana bilər. Enerji sahəsində əməkdaşlığın yaşıl enerji istiqamətinə genişlənməsi də gələcək üçün mühüm məqamdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılan “Yaşıl Dəhliz Birliyi” MMC Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə xarici bazarlara çıxarılması baxımından yeni imkanlar yaradır", - deyə Ə.Məhərrəmzadə vurğulayıb.
O əlavə edib ki, Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də regionlararası enerji bağlantılarında mühüm həlqə kimi çıxış edə bilər. Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin ən mühüm xüsusiyyəti əməkdaşlığın tədricən yeni mərhələyə keçməsidir. Əvvəlki dövrdə əsas diqqət ticarətə yönəlirdisə, hazırda investisiya, birgə istehsal, logistika, enerji və turizm kimi daha uzunmüddətli sahələr ön plana çıxır. Bu isə münasibətlərin daha dayanıqlı iqtisadi əsas üzərində qurulmasına imkan verir.