Вернуться назад Распечатать

Dilnavoz Madrahimova: İlham Əliyevin səfəri Azərbaycanla Özbəkistan arasındakı münasibətləri möhkəmləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana hazırkı səfəri iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcək.

Bunu "O'zbekiston 24" telekanalının jurnalisti, xarici siyasət məsələləri üzrə ekspert Dilnavoz Madrahimova bildirib.

"Son illərdə dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi sayəsində Özbəkistanla Azərbaycan arasında çox yaxşı münasibətlər formalaşıb, əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə son illərdə dövlət başçılarımızın rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu əlaqələr daha da möhkəmlənir", – deyə o bildirib.

Madrahimova qeyd edib ki, 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub, 2024-cü ildən isə ölkələr müttəfiqdir.

"Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana hazırkı səfəri əməkdaşlığın daha da genişləndirilməsinə, bütün istiqamətlər üzrə inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə imkan verəcək. Hazırkı yüksək səviyyəli siyasi görüş münasibətlərimizin bütün istiqamətlər üzrə gələcəkdə genişləndirilməsi üçün əsas və platforma olacaq", – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasındakı əlaqələr dövlətlərarası səviyyə ilə məhdudlaşmır, iqtisadiyyat, təhsil və turizm sahələrində də fəal şəkildə inkişaf edir.

"Azərbaycan qədimdən Özbəkistan üçün qardaş ölkədir, xalqlarımız arasında yaxşı münasibətlər formalaşıb. Üstəlik, söhbət yalnız dövlət başçıları səviyyəsindəki münasibətlərdən getmir. Xalqlarımız arasında da iqtisadiyyat, təhsil və turizm sahələrində yaxşı əlaqələr mövcuddur", – deyə o bildirib.

Ekspert əlavə edib ki, Azərbaycan haqqında çox yaxşı fikirlər eşidib və ölkəmizə turist kimi səfər etməyi planlaşdırır.

"Təəssüf ki, hələlik ölkənizdə olmaq mənə nəsib olmayıb. Azərbaycan haqqında çox yaxşı fikirlər eşitmişəm və əlbəttə ki, oraya səfər etmək, ölkənin ab-havasını hiss etmək istərdim. Ümid edirəm ki, Azərbaycana həm turist kimi, həm də peşəkar fəaliyyətim çərçivəsində – jurnalist kimi dövlət tədbirlərini işıqlandırmaq üçün səfər edə biləcəyəm", – deyə Madrahimova əlavə edib