Вернуться назад Распечатать

Azərbaycan və Özbəkistan münasibətləri möhkəm təməl üzərində inkişaf edir

 

Azərbaycan və Özbəkistan liderlərinin görüşü, Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi, eləcə də iki ölkə arasında bir sıra sənədlərin, xüsusilə Əbədi dostluq haqqında Müqavilənin imzalanması mühüm tarixi hadisədir.

Bu fikirləri AZƏRTAC- a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.

O qeyd edib ki, bir vaxtlar münasibətlərin inkişafı üçün strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdı. Sonradan əlaqələr strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldi. Müttəfiqlik haqqında sənədin ardınca Əbədi dostluq haqqında Müqavilənin imzalanması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

“Əbədi dostluq həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyət deməkdir. Artıq hər kəs bilməlidir ki, Azərbaycan və Özbəkistan Əbədi dostluq haqqında Müqavilə imzalayıb və iki ölkə arasındakı münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir.

Təsadüfi deyil ki, Bakı ilə Daşkənd arasında iqtisadiyyat, qarşılıqlı investisiyalar və nəqliyyat sahələrində bir sıra mühüm layihələr həyata keçirilir. Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi də əlaqələrin sistemli və institusional şəkildə inkişaf etdiyini göstərir.

Bakı və Daşkənd arasındakı münasibətlərin dərin fəlsəfi və ideoloji əsası da mövcuddur. Tərəflərin məsələlərə sistemli yanaşması iki ölkə arasında əlaqələrin ən yüksək siyasi müstəviyə qaldırılmasına imkan verir.

Belə əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi, mövcud çağırış və təhdidlərə qarşı mübarizə, suverenliyin və müstəqilliyin qorunması, eləcə də dövlətçiliyin inkişafı baxımından Azərbaycan və Özbəkistan xalqlarına böyük töhfə verəcək", - deyə Z.Məmmədov vurğulayıb.