Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız
ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda
Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin
formalaşmasına təsir edən mühüm geosiyasi prosesdir. Prezident İlham Əliyevin Özbəkistanın
Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan
münasibətlərinin regional əhəmiyyətini aydın şəkildə ortaya qoyur. İki ölkə arasındakı strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətləri artıq daha geniş coğrafi məkanın gələcək inkişaf
perspektivləri ilə sıx şəkildə bağlıdır.
Azərbaycan Cənubi Qafqazın mühüm geosiyasi və geoiqtisadi mərkəzlərindən biridir.
Özbəkistan isə Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biri kimi regionun iqtisadi və siyasi
proseslərində mühüm rol oynayır. Bu iki dövlətin yaxınlaşması nəticə etibarilə Cənubi
Qafqazla Mərkəzi Asiyanın daha sıx əlaqələnməsi üçün əlavə imkanlar yaradır. Bu prosesin
əsasında ilk növbədə siyasi etimad dayanır. Azərbaycan və Özbəkistanın beynəlxalq
məsələlərdə bir-birini dəstəkləməsi, çoxtərəfli təşkilatlarda qarşılıqlı fəaliyyət göstərməsi iki
dövlət arasında siyasi əlaqələrin yalnız ikitərəfli məsələlərlə məhdudlaşmadığını göstərir.
Azərbaycan və Özbəkistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir sıra
məsələlər üzrə yaxın mövqelər nümayiş etdirirlər. Bu əməkdaşlığın əsas xüsusiyyəti qarşılıqlı
hörmət və suverenlik prinsipinə əsaslanmasıdır. Hər iki dövlət müstəqilliyini və milli
maraqlarını xarici siyasətin əsas prinsipləri kimi qəbul edir. Buna görə də
Azərbaycan–Özbəkistan tərəfdaşlığı bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modeli
kimi formalaşır.
Türk Dövlətləri Təşkilatı bu regional əməkdaşlığın ən mühüm platformalarından biridir.
Azərbaycan və Özbəkistan TDT-nin gücləndirilməsində maraqlıdır. Təşkilatın siyasi və iqtisadi
potensialının artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji əməkdaşlığının inkişaf
etdirilməsi və mədəni-humanitar inteqrasiyanın dərinləşdirilməsi iki ölkənin ortaq baxışlarının
əsas istiqamətlərindəndir. Ötən il Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü də Türk dünyasının inteqrasiya prosesində mühüm mərhələ kimi qiymətləndirilə
bilər. Azərbaycan və Özbəkistanın bu platformada fəal iştirakı təşkilatın regional və beynəlxalq
çəkisinin artmasına xidmət edir.
Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini artıran əsas amillərdən biri
nəqliyyat və logistika imkanlarıdır. Azərbaycanın coğrafi mövqeyi Xəzər dənizi vasitəsilə
Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir. Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində
yerləşərək regionun digər ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu
baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Şərqlə Qərbi birləşdirən bu marşrut
Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Özbəkistanın bu dəhlizə daha sıx inteqrasiyası isə Mərkəzi Asiya ölkələrinin Avropa
bazarlarına çıxış imkanlarını genişləndirir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi gələcəkdə
yeni tranzit xəritəsinin formalaşmasına səbəb ola bilər. Bu layihələrin bir-birinə inteqrasiyası
yüklərin Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan,
Türkiyə və Avropaya daşınması üçün yeni imkanlar yarada bilər.
Belə bir nəqliyyat sisteminin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də böyükdür.
Çünki nəqliyyat dəhlizləri dövlətlər arasında uzunmüddətli qarşılıqlı asılılıq və əməkdaşlıq
yaradır. Yeni yollar boyunca logistika mərkəzləri, istehsal müəssisələri, xidmət infrastrukturu
və investisiya layihələri formalaşır.
Azərbaycan–Özbəkistan arasında tranzit daşımalarının artması bu prosesin artıq praktiki
mərhələyə keçdiyini göstərir. 2025-ci ildə daşımaların 1,4 milyon tona çatması və 2026-cı ilin
ilk yarısında artımın davam etməsi iki ölkənin logistika sahəsində qarşılıqlı imkanlarını daha
fəal istifadə etdiyini göstərir.
Enerji sahəsi də regional əməkdaşlığın mühüm komponentidir. Azərbaycan uzun illərdir enerji
resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm rol oynayır. Özbəkistan isə böyük
enerji bazarına və artan bərpaolunan enerji potensialına malikdir.
Bu iki potensialın birləşdirilməsi gələcəkdə enerji sahəsində yeni regional layihələrə imkan
yarada bilər. Xüsusilə yaşıl enerji əməkdaşlığı bu baxımdan diqqətəlayiqdir.
Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi
Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan vasitəsilə dünya bazarlarına
çıxarılması baxımından strateji təşəbbüsdür. Bu layihənin perspektivləri daha geniş
kontekstdə qiymətləndirilməlidir. Avropa enerji sisteminin getdikcə daha çox şaxələndirilməsi,
bərpaolunan enerjiyə tələbatın artması və enerji təhlükəsizliyi məsələlərinin aktuallığını
qoruması Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar yaradır.
Xəzər dənizinin dibi ilə elektrik enerjisinin ötürülməsi ideyası belə bir əməkdaşlığın texnoloji
əsasını təşkil edə bilər. Beləliklə, Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil,
gələcəkdə yaşıl enerjinin də mühüm tranzit mərkəzinə çevrilə bilər.
Azərbaycan–Özbəkistan münasibətlərinin regional ölçüsündə Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşləri xüsusi yer tutur. Azərbaycanın bu formata tamhüquqlu
iştirakının təmin edilməsi ölkənin Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələ açıb.
Əvvəllər “C5” formatında olan əməkdaşlıq mexanizminin faktiki olaraq “C6” formatına
çevrilməsi Azərbaycanla Mərkəzi Asiya arasında siyasi dialoqun institusional səviyyədə
genişlənməsini göstərir. Bu, Azərbaycan üçün yalnız diplomatik uğur deyil, eyni zamanda
regional siyasətin yeni reallığıdır. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız
ikitərəfli əlaqələr vasitəsilə deyil, regional mexanizmlər daxilində də inkişaf etdirə bilir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı enerji və nəqliyyatla
məhdudlaşmır. Burada investisiya, kənd təsərrüfatı, sənaye, təhsil, elm, mədəniyyət və turizm
kimi sahələr də mühüm rol oynayır.
Azərbaycan və Özbəkistanın regional əməkdaşlığının digər mühüm aspekti işğaldan azad
edilmiş ərazilərin bərpasıdır. Özbəkistanın Füzulidə məktəb inşa etməsi və 100 hektarlıq
“Dostluq bağı” layihəsinin həyata keçirilməsi regional tərəfdaşlığın humanitar ölçüsünü
nümayiş etdirir. Bu layihələr Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi
bərpa prosesinin beynəlxalq tərəfdaşlıq aspektini gücləndirir. Özbəkistanın dəstəyi isə iki
ölkənin siyasi yaxınlığının real layihələrə çevrildiyini göstərir.
Eyni zamanda elm və təhsil sahəsində əməkdaşlığın regional miqyası genişləndirilə bilər. İki
ölkənin universitetləri arasında birgə tədqiqat proqramlarının yaradılması, alim və tələbə
mübadiləsinin artırılması və ortaq elmi layihələrin həyata keçirilməsi Türk dünyasının
intellektual potensialının gücləndirilməsinə xidmət edər.
Mədəniyyət də bu regional inteqrasiyanın əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan və
Özbəkistanın ortaq türk irsinin qorunması istiqamətində həyata keçirdiyi təşəbbüslər
gələcəkdə digər türk dövlətlərinin də iştirakı ilə daha geniş layihələrə çevrilə bilər.
Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi yalnız iki qardaş
ölkənin diplomatik uğuru deyil. Bu münasibətlər Avrasiyanın dəyişən geosiyasi xəritəsində
yeni əməkdaşlıq məkanının formalaşmasına təsir göstərən mühüm amildir. Azərbaycan
Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın imkanlarını birləşdirərək Şərqlə Qərb
arasında yeni əlaqə xəttinin formalaşmasına töhfə verə bilər. Nəqliyyat, enerji, investisiya,
ticarət, mədəniyyət və siyasi əməkdaşlıq bu xəttin əsas sütunlarını təşkil edir.
Ən mühüm məsələ isə bu prosesin qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq üzərində
qurulmasıdır. Azərbaycan və Özbəkistanın münasibətlərini fərqləndirən əsas cəhət də məhz
budur. Bu gün iki ölkə arasında formalaşan müttəfiqlik həm keçmişin ortaq irsinə, həm bu
günün qarşılıqlı maraqlarına, həm də gələcəyə hesablanmış strateji baxışa əsaslanır. Buna
görə də Azərbaycan–Özbəkistan tərəfdaşlığının qarşıdakı illərdə yalnız ikitərəfli deyil, regional
və beynəlxalq əhəmiyyətinin də daha da artacağını söyləmək mümkündür.
Asif Eyyubov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun metodisti