Вернуться назад Распечатать

Azərbaycan və Özbəkistanın qardaşlığı artıq müasir inkişafın, strateji tərəfdaşlığın və qarşılıqlı rifahın mühüm komponentlərindən birinə çevrilib

 

Tarixi, milli və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr bu gün siyasi etimad, iqtisadi
tərəfdaşlıq, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, enerji, təhsil, mədəniyyət və humanitar
əməkdaşlıqla zənginləşərək hərtərəfli müttəfiqlik xarakteri alıb.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki
qardaş ölkə arasında münasibətlərin mahiyyətini və inkişaf istiqamətlərini ortaya qoyur.
Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində yalnız siyasi maraqlar deyil, xalqlarımızı
əsrlər boyu birləşdirən dərin mənəvi əlaqələr dayanır.
Ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, adət-ənənələr və mənəvi dəyərlər iki xalq
arasında qarşılıqlı rəğbətin möhkəm əsasını formalaşdırıb. Lakin son illərdə bu mənəvi
yaxınlıq dövlətlərarası münasibətlərin konkret mexanizmləri ilə daha da möhkəmlənib.
Azərbaycan və Özbəkistan artıq yalnız dost və qardaş ölkələr deyil, strateji müttəfiqlərdir. Bu
mərhələnin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev arasında yüksək səviyyəli siyasi dialoq xüsusi rol oynayır. Liderlər arasında
qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin bütün istiqamətlərinə müsbət təsir
göstərir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin baş tutması da münasibətlərin
intensivliyini nümayiş etdirən mühüm göstəricidir.
Azərbaycan-Özbəkistan münasibətlərində son illərin ən mühüm hadisələrindən biri siyasi
əlaqələrin hüquqi bazasının daha da gücləndirilməsi olub. 2024-cü ilin avqustunda Prezident
İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin
Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni siyasi impuls verib. Müttəfiqlik münasibətləri
iki dövlətin bir-birinə etimadının yüksək səviyyəsini nümayiş etdirir. Bu faktor həm də ölkələrin
regional və beynəlxalq proseslərdə bir-birinin mövqelərinə hörmətlə yanaşmasının, qarşılıqlı
dəstəyin və ortaq maraqların qorunmasının göstəricisidir. Ali Dövlətlərarası Şura isə bu siyasi
yaxınlığın institusional dayaqlarından biridir. Şuranın iclasları iki ölkənin uzunmüddətli
əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə və qəbul olunan qərarların sistemli şəkildə
həyata keçirilməsinə imkan verir. Prezident İlham Əliyev müsahibədə qeyd edib: “Bu ikitərəfli
səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi
haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və
suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər
ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və
əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin genişlənməsi üçün də əlverişli şərait
yaradıb. Azərbaycan və Özbəkistanın iqtisadiyyatları bir çox istiqamətlərdə bir-birini
tamamlayır. Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları, Özbəkistanın sənaye, kənd
təsərrüfatı və Mərkəzi Asiyadakı iqtisadi mövqeyi qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar
yaradır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və
əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi münasibətlərin sürətlə inkişaf etdiyini
təsdiqləyir.
2026-cı ilin yanvar–may aylarında ticarət dövriyyəsinin daha 33 faiz artması isə bu
tendensiyanın davam etdiyinin göstəricisidir. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri
qarşılıqlı ticarətin daha da artırılması ilə yanaşı, onun strukturunun genişləndirilməsi, birgə
istehsal və yüksək əlavə dəyər yaradan layihələrin sayının artırılmasıdır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iki ölkənin iqtisadi əməkdaşlığının
mühüm nəticələrindən biridir. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılan bu mexanizm
hər iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan verir. Qarşılıqlı
investisiyaların artması yalnız kapital axınını təmin etmir. Eyni zamanda biznes dairələri
arasında etimadı möhkəmləndirir, yeni istehsal imkanları yaradır və iki ölkənin
iqtisadiyyatlarını bir-biri ilə daha sıx əlaqələndirir. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün
siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd
təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq
tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını
birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da
möhkəmləndirir”.

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir davam edir.
Neft-qaz sektorunda yaradılmış birgə müəssisələr bu əlaqələrin artıq ənənəvi xarakter
aldığının göstəricisidir. Lakin müasir mərhələdə enerji gündəliyinə yeni istiqamət – yaşıl enerji
əlavə olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılmış “Yaşıl Dəhliz
Birliyi” bu baxımdan mühüm strateji təşəbbüsdür. Yaşıl enerji dəhlizinin yaradılması və
bərpaolunan enerjinin ixracı imkanlarının araşdırılması Mərkəzi Asiya ilə Cənubi Qafqaz
arasında yeni enerji bağlantılarının formalaşmasına şərait yaradacaqdır.
Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəkdə ən böyük nəticələr verə biləcəyi
sahələrdən biri nəqliyyat və logistika hesab olunur. Azərbaycanın Xəzər üzərindən Avropaya
çıxış imkanları ilə Özbəkistanın Mərkəzi Asiyanın mərkəzində yerləşməsi iki ölkəni Şərq–Qərb
bağlantısında mühüm tərəfdaşlara çevirir. Orta Dəhlizin genişləndirilməsi,
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələri ilə
əlaqələndirilməsi və TRIPP ilə mümkün inteqrasiya yeni iqtisadi imkanlar yaradacaqdır. Bu
marşrutların inkişafı yük daşımaların sürətini və həcmini artıracaq, həmçinin Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcəkdir.
Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi
qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin
mühüm ifadəsidir. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, iki xalq arasında dostluğun
gələcək nəsillərə ötürülməsinin təntənəsidir. Füzulidə salınan “Dostluq bağı” da eyni məzmunu
daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərində həm siyasi, həm də humanitar həmrəylik
konkret layihələrdə öz əksini tapır.
İkitərəfli münasibətlərin inkişafının göstəricilərindən biri də turist axınının artmasıdır. 2026-cı
ilin yanvar–avqust aylarında Azərbaycana 44 min Özbəkistan vətəndaşının səfər etməsi də bu
istiqamətdə müsbət tendensiyanın davam etdiyini göstərir. Turizmin əhəmiyyəti yalnız iqtisadi
gəlirlərlə ölçülmür. Turist səfərləri xalqlar arasında birbaşa ünsiyyəti artırır, qarşılıqlı mədəni
tanışlığı gücləndirir və humanitar əlaqələr üçün yeni imkanlar yaradır.
Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi iki dövlətin münasibətlərindən daha geniş məna
daşıyır. Bakı–Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin
möhkəmlənməsinə, Türk dünyasının inteqrasiyasına və Şərqlə Qərb arasında yeni iqtisadi
bağlantıların formalaşmasına mühüm töhfə verir. Ən əsası isə bu münasibətlər keçmişin
dəyərlərini gələcəyin ortaq imkanları ilə birləşdirir.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)