Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin
başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma
mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın
3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında
münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji,
rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq
imkanlarının da gündəmdə olduğunu göstərir.
Səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi “Əbədi dostluq haqqında
Müqavilə”nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı
etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini
təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi
bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli
əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu
münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir.
Sənəddə diqqət çəkən məqamlardan biri də tərəflərin öz ərazilərinin digər dövlətin
suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə olunmasına yol verməmək
öhdəliyidir. Bu yanaşma qarşılıqlı etimadın və siyasi həmrəyliyin institusional səviyyədə
möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müqavilənin başqa bir mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir.
Azərbaycan və Özbəkistan münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də
regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun
gücləndirilməsinə sadiqliklərini ifadə edirlər. Bu, iki ölkənin beynəlxalq məsələlərdə
mövqelərinin yaxınlığını və çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarının genişlənəcəyini
göstərən müddəalardan biridir.
Sənədin əhatə dairəsi isə siyasi məsələlərlə bitmir. Əksinə, müqavilənin ən mühüm
xüsusiyyətlərindən biri iqtisadi və praktiki əməkdaşlığın çoxsaylı istiqamətlərini özündə
birləşdirməsidir. Ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi, energetika,
nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat,
elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar üzrə birgə layihələrin
həyata keçirilməsi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan sənəd Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək iqtisadi modelini də
müəyyən mənada ortaya qoyur. Əməkdaşlığın yalnız ənənəvi ticarət dövriyyəsi ilə
məhdudlaşdırılmaması, yeni texnologiyalar və innovativ sahələrin də münasibətlərin əsas
istiqamətlərindən birinə çevrilməsi diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət
və kosmik texnologiyaların sənəddə ayrıca qeyd olunması gələcək əməkdaşlığın daha yüksək
texnologiyalı sahələrə doğru genişlənəcəyindən xəbər verir.
Nəqliyyat və logistika isə müqavilənin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir.
Tərəflər yüklərin və sərnişinlərin daha əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etmək,
nəqliyyat dəhlizlərinin tranzit potensialını artırmaq üçün qarşılıqlı əlaqəli nəqliyyat sisteminin
daha da möhkəmləndirilməsinə şərait yaratmağı öhdələrinə götürürlər.
Bu müddəa Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat
və logistika əlaqələrinin inkişafında qarşılıqlı marağını daha da ön plana çıxarır. Azərbaycan
öz coğrafi mövqeyinə görə Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarının mühüm
halqalarından biri olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadi və demoqrafik
mərkəzlərindən biri kimi regiondakı nəqliyyat imkanlarının genişlənməsində xüsusi çəkiyə
malikdir. Buna görə də iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi təkcə
ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional əlaqələr baxımından da əhəmiyyətlidir.
Müqavilənin iqtisadi gündəliyində “yaşıl” iqtisadiyyatın da yer alması diqqətəlayiqdir. Dünyada
iqtisadi inkişaf modellərinin dəyişdiyi, enerji keçidinin və rəqəmsal transformasiyanın
sürətləndiyi bir dövrdə Azərbaycan və Özbəkistanın bu sahələri qarşılıqlı əməkdaşlığın
istiqamətləri kimi müəyyənləşdirməsi gələcək layihələr üçün yeni imkanlar yarada bilər.
Digər tərəfdən, sənəd iki ölkə arasındakı münasibətlərin yalnız dövlət qurumları və biznes
strukturları səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutmur. Parlamentlərarası əlaqələrin
genişləndirilməsi, xalqlar arasında dostluğun sosial və ictimai əsaslarının möhkəmləndirilməsi
də müqavilədə ayrıca yer alır. Bu isə münasibətlərin dövlətlərarası diplomatiyadan
cəmiyyətlərarası əlaqələrə qədər genişləndirilməsi baxımından mühüm məqamdır.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən güclü dayaqlarından biri isə xalqların
tarixi, mədəni və dil yaxınlığıdır. Müqavilədə mənəvi, təhsil və mədəni yaxınlığın qorunması,
elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində mübadilə və
əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Xüsusilə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi ilə bağlı müddəa iki ölkənin humanitar
əlaqələrinin gələcək istiqaməti baxımından maraqlıdır. Bu addım yalnız dil öyrənilməsi
məsələsi deyil. Qarşılıqlı dil biliklərinin genişlənməsi ədəbiyyat, elm, təhsil, media və
mədəniyyət sahələrində birbaşa əlaqələrin artmasına da zəmin yarada bilər.
Müqavilədə regionlararası əməkdaşlığa xüsusi diqqət yetirilməsi də münasibətlərin yeni
mərhələsinin mühüm elementlərindən biridir. Şəhərlər və regionlar arasında tərəfdaşlıq
əlaqələrinin qurulmasının təşviqi əməkdaşlığın mərkəzi hökumətlər səviyyəsindən aşağıya
doğru genişlənməsinə imkan verir. Belə münasibətlər konkret layihələrin, qarşılıqlı
investisiyaların, biznes əlaqələrinin, təhsil və mədəniyyət mübadilələrinin artmasına şərait
yarada bilər.
Turizm də sənəddə ayrıca istiqamət kimi müəyyənləşdirilib. Azərbaycan və Özbəkistanın
turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üçün
əməkdaşlığın təşviq edilməsi iki ölkənin həm tarixi-mədəni irsindən, həm də artan qarşılıqlı
maraqdan daha geniş istifadə etməyə imkan verə bilər.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi