Вернуться назад Распечатать

Laçın Şəhəri Günü - Azadlıqdan Dirçəlişə

Azərbaycan tarixində unudulmaz və qürurverici günlərdən biri də 26 avqust – Laçın
Şəhəri Günüdür. Bu tarixi gün Laçının işğaldan azad olunmasından sonra şəhərin yeni
həyatına başlamasının rəmzinə çevrildi.
Laçın Azərbaycanın qədim tarixə, zəngin təbiətə və strateji mövqeyə malik
bölgələrindən biridir. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən
Laçın uzun illər boyu əsarətdə qaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması sayəsində 2020-ci ildə, 44 günlük
Vətən müharibəsində Laçın da öz azadlığına qovuşdu.
44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr üçtərəfli Bəyanata
əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Laçın şəhərinin və bir
neçə kəndin tam azad edilməsi üçün yeni Laçın yolu çəkildi. Məhz 2022-ci il avqustun 26-da
Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və orada üçrəngli bayrağımız ucaldıldı. Bu gün
Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev həmin vaxt “Biz bu torpaqlara qalib kimi qayıtmışıq” sözləri ilə xalqımıza böyük qürur
bəxş etdi.
Laçın şəhəri Azərbaycanın dağlıq bölgəsində, mühüm coğrafi mövqedə yerləşir. O,
Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən qapı rolunu oynayır. Zəngin təbiəti, dağ
çayları, yaylaqları, eləcə də qədim abidələri Laçını Azərbaycan mədəniyyətinin incilərindən
birinə çevirir. Azğın düşmənin torpaqlarımızı işğal etdiyi dövrdə Laçın şəhəri dağıntılara məruz
qalmış, evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilmişdi. Bu gün isə şəhər yenidən
dirçəlir. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi
Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın rayonu da bərpa olunur. Düşmənin cəngindən
azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır,
elektrik stansiyaları quraşdırılır. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı
çərçivəsində Laçında genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış binaları, məktəblər,
xəstəxanalar, sosial obyektlər tikilir.
Laçının azad olunması və şəhərin bərpası Azərbaycan xalqının milli birliyinin,
ordumuzun gücünün və dövlətimizin iradəsinin təntənəsidir. Bu gün Laçın sadəcə bir rayon
deyil, həm də xalqımızın qürur simvolu, zəfər rəmzidir. Laçında bərpa olunan həyat həm
şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də gələcək nəsillərə verilən böyük bir
mirasdır.
26 avqust yalnız bir şəhərin azad olunma tarixi deyil, həm də Azərbaycan xalqının
gücünün, iradəsinin, Vətən sevgisinin göstəricisidir. Bu gün hər bir azərbaycanlı üçün qürur
mənbəyidir. Laçının azadlığı – Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ,
milli birliyimizin möhkəm rəmzi kimi tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu səbəbdən
hər il 26 avqust – Laçın Şəhəri Günü böyük təntənə ilə qeyd olunur və bu gün xalqımız üçün
əbədi bayram günlərindən biri kimi tarixdə əbədi qalacaq və bu torpaqların əsl sahibləri öz
doğma yurdlarında firavan yaşayacaqlar.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi