Bakıda məişət tullantılarının idarə olunmasını həyata keçirən dövlət qurumu -“Təmiz Şəhər” ASC-nin 2025-ci il üzrə maliyyə hesabatı şirkətin maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən rəqəmlər ortaya qoyub.
1xeber.media Bizimesr.media-ya istinadla xəbər verir ki, ötən il ASC-nin gəlirləri 4,8 milyon manat azalaraq 36 milyon 787 min manata düşüb. Bu, 2024-cü illə müqayisədə 11,5 faiz azalma deməkdir.
Lakin gəlirlər azalarkən hansı səbəbdən şirkətin xərcləri əksinə artıb?
Belə ki, 2025-ci ildə “Təmiz Şəhər”in ümumi xərcləri 41 milyon 630 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5 milyon 772 min manat və ya 16,1 faiz çoxdur. Nəticədə ASC ili 5 milyon 666 min manat xalis zərərlə başa vurub. 2024-cü ildə isə şirkətin zərəri 1 milyon 667 min manat olub. Başqa sözlə, bir il ərzində zərər təxminən 4 milyon manat və ya 3,4 dəfə artıb.
Gəlir azalır, xərc artır?
Şirkətin maliyyə göstəricilərində diqqət çəkən əsas məqamlardan biri gəlirlə xərclərin əks istiqamətdə hərəkət etməsidir. Gəlirlər 11,5 faiz azaldığı halda xərclərin 16,1 faiz artması şirkətin xərclərinin idarə olunması məsələsini gündəmə gətirir.
Əlbəttə, xərclərin artması özlüyündə maliyyə pozuntusu demək deyil. Enerji tarifləri, əməkhaqqı, xidmətlərin qiyməti, inflyasiya, avadanlıqların istismarı və digər amillər dövlət şirkətinin xərclərinə təsir göstərə bilər. Lakin gəlirlər azalarkən xərclərin əhəmiyyətli dərəcədə artması idarəetmə və maliyyə səmərəliliyinin düzgün idarə olunmamaması böyük suallar yaradır.
3,8 milyon manatlıq “digər əməliyyat xərcləri” nədir?
Hesabatda ən çox diqqət çəkən məqamlardan biri isə “digər əməliyyat xərcləri”nin kəskin artmasıdır. Belə ki, bu xərc 2024-cü ildə cəmi 68 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 820 min manata yüksəlib. Yəni artım təxminən 3 milyon 756 min manat, başqa sözlə, təqribən 60 dəfə olub.
Məhz bu rəqəm bir sıra suallar yaradır. 3,82 milyon manat konkret olaraq hansı işlərə və xidmətlərə xərclənib?
Bu vəsait hansı şirkətlərə və ya podratçılara ödənilib?
Həmin xidmətlərin satın alınması üçün tender və ya kotirovka keçirilibmi?
Müqavilələrin predmeti nə olub?
Eyni xidmətlər əvvəlki illərdə həyata keçirilibsə, həmin işlərə nə qədər vəsait ödənilib?
Əsas xərclər-əməkhaqqı və elektrik
2025-ci ildə “Təmiz Şəhər” ASC əməkhaqqına 12 milyon 675 min manat, elektrik enerjisinə isə 11 milyon 770 min manat xərcləyib. Əməkhaqqı xərcləri 166 min manat və ya 1,3 faiz artıb. Elektrik enerjisinə çəkilən xərc isə 835 min manat və ya 7,6 faiz yüksəlib. Burada da şirkətin işçi sayının, orta əməkhaqqının, enerji sərfiyyatının və fəaliyyət həcminin əvvəlki illərlə müqayisəsi maraqlıdlr. Çünki yalnız xərclərin ümumi məbləğini bilmək onların səmərəli olub-olmadığını müəyyənləşdirməyə imkan vermir.
249 milyon manatlıq yığılmış zərər
Şirkətin maliyyə vəziyyətində daha ciddi məqam isə yığılmış zərərlə bağlıdır. 2025-ci ilin sonunda “Təmiz Şəhər” ASC-nin yığılmış zərəri 249 milyon 185 min manata yüksəlib. 2024-cü ilin sonunda bu göstərici 243,5 milyon manat olub.
Beləliklə, yalnız bir il ərzində yığılmış zərər təxminən 5,7 milyon manat artıb. Digər tərəfdən, şirkətə müxtəlif formalarda kapital kimi ayrılmış vəsaitin ümumi məbləği 291 milyon manat göstərilir. Bu rəqəmlər müqayisə ediləndə ortaya ciddi sual çıxır - dövlət tərəfindən şirkətə ayrılmış böyük həcmdə kapitalın hansı hissəsi faktiki olaraq şirkətin fəaliyyətinin maliyyələşdirilməsinə, hansı hissəsi isə illər ərzində yaranan zərərlərin bağlanmasına yönəlib?
Nəticə olaraq hesabat idarəetmənin səmərəliliyi ilə bağlı ciddi araşdırma üçün kifayət qədər əsas yaradır.
Xüsusilə gəlirlərin azalmasına baxmayaraq xərclərin artması, “digər əməliyyat xərcləri”nin bir ildə 60 dəfəyə yaxın yüksəlməsi, yığılmış zərərin 249 milyon manata çatması, aktivlərin və kapitalın azalması diqqətdən kənarda qala bilməz. Burada ən vacib məsələ 3 milyon 820 min manatlıq “digər əməliyyat xərclərinin” mahiyyətinin açıqlanmasıdır.
Maraqlıdır, bu vəsait nəyə xərclənib? Bakının tullantılarını idarə edən dövlət şirkəti niyə hər il zərər edir və dövlətin ayırdığı yüz milyonlarla manat vəsait fonunda bu zərərin qarşısını almaq mümkün olmur?
Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovdur. ASC Azərbaycan İnvestisiya Holdinqi-nin tabeçiliyində fəaliyyət göstərir.


