Вернуться назад Распечатать

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

  

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç  il
ötür. 2022-ci il avqustun 26-da Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: «Bu gün, avqustun
26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə
yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu
münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!».
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il
mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində
rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və
itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə
məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və
məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ
müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti,
prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri
boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş
nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan
ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan
və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin
avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan
azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə
qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan
Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı
dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər
yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy
Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq
Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı
tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə
kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi
Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin
gedişi ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü ildə 28 May Müstəqillik Günündə Laçına növbəti səfəri
zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: «Biz öz doğma torpaqlarımızı
işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar,
gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat
yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni
səviyyədə olsun».
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş
təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük
verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli
binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi
Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin
mədəniyyət və turizm obyektləri də yaradılıb.  Laçın şəhərində istehsalat, xidmət və tədris
müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində
saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın
gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi,
balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində
yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada
həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar

hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz
emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
2023-cü ilin mayın 28-dən  başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
Artıq Laçın şəhəri minlərlə ailəyə qucaq açıb və laçınlıların yurd həsrəti  bitmək üzrədir.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra
dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-
də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın
Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları
doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Kənan Ağababayev,
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktorunun inzibati işlər üzrə müavini