Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha sistemli və uzunmüddətli mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində qəbul olunan yeni Yol Xəritəsi və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılaşma iqtisadi əlaqələrin konkret hədəflər üzərində qurulduğunu nümayiş etdirir. Xüsusilə energetika, kənd təsərrüfatı, kimya, tikinti, geologiya və maliyyə kimi müxtəlif sahələrin əhatə olunması əməkdaşlığın yalnız bir istiqamətlə məhdudlaşmayacağını göstərir”.
Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, bu razılaşmaların Azərbaycan iqtisadiyyatı üçün əsas üstünlüklərindən biri ixrac imkanlarının genişlənməsi və yeni bazarlara çıxışın artmasıdır:
“Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə ölkəmizdə həyata keçirəcəyi birgə layihələr investisiyaların və qarşılıqlı ticarətin artmasına, yeni istehsal və məşğulluq imkanlarının yaranmasına şərait yarada bilər. Eyni zamanda, iki ölkənin nəqliyyat və logistika imkanlarının uzlaşdırılması Mərkəzi Asiya ilə Azərbaycanın iqtisadi əlaqələrinin daha da güclənməsinə xidmət edəcək”.
O sonda qeyd edib ki, burada əsas məsələ imzalanan sənədlərin real layihələrə çevrilməsi və müəyyən olunan hədəflərin vaxtında icra edilməsidir:
“Azərbaycan–Özbəkistan əməkdaşlığının genişlənməsi ölkəmizin Mərkəzi Asiya bazarlarına inteqrasiyasını sürətləndirə, qeyri-neft sektorunun inkişafına əlavə imkanlar yarada və Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirə bilər. Bu baxımdan, səfər çərçivəsində əldə olunan iqtisadi razılaşmaları yalnız ikitərəfli münasibətlər kontekstində deyil, Azərbaycanın daha geniş regional iqtisadi strategiyasının mühüm elementi kimi qiymətləndirmək lazımdır”.
Aysel