Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen avropalıların trilyonlarla avro həcmindəki əmanətlərinin iqtisadiyyata yönəldilməsini təklif edib.
1xeber.media xəbər verir ki, o, bu təşəbbüsü cümə axşamı Parisdə keçirilən illik La REF biznes konfransında çıxışı zamanı irəli sürüb.
“Bu gün 10 trilyon avro həcmində əmanət bank hesablarında saxlanılır. Avropanın əmanətlərinin böyük bir hissəsi isə qitəmizdən kənarda investisiya olunur. İndi Avropa bu əmanətləri öz şirkətlərinin inkişafına yönəltməlidir. Bu, “əmanət və investisiya ittifaqı”nın məqsədidir”, – deyə fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Brüssel artıq seküritizasiya, bankların və sığorta şirkətlərinin investisiyaları, eləcə də bazarların inteqrasiyası və onlara nəzarətlə bağlı təkliflər təqdim edib.
Avropa Komissiyasının rəhbəri bildirib ki, bu tədbirlər 470 milyard avroyadək əlavə investisiyanın iqtisadiyyata yönəldilməsinə imkan yarada bilər.
Onun sözlərinə görə, razılaşma ilin sonunadək əldə olunmalıdır. İdeal variant bunun Aİ-nin bütün 27 ölkəsinin iştirakı ilə həyata keçirilməsidir. Lakin zərurət yaranarsa, təşəbbüsü buna hazır olan ölkələrlə də reallaşdırmaq mümkündür.