Вернуться назад Распечатать

Azərbaycan–Qırğızıstan əlaqələri yeni mərhələyə qədəm qoyur – ŞƏRH

“Azərbaycan son zamanlar Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Xüsusilə cənab Prezidentin son dövrdə Özbəkistana etdiyi səfər bu əlaqələrin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, Qırğızıstana səfəri də Özbəkistan səfərinin davamı kimi xarakterizə edilə bilər. Azərbaycan ümumilikdə həm Mərkəzi Asiya ölkələri, həm də Türk dövlətləri ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”.
Bu barədə politoloq Zeynal Əmrəliyev 1xeber.media-ya açıqlama verib.

O qeyd edib ki, Qırğızıstan hazırda yüksək inkişaf dövrünü yaşayır:
“Sadır Japarovun prezidentliyi dövründə ölkədə iqtisadi yüksəlişə böyük təkan verən bir sıra qanunlar qəbul olunub. Qırğızıstan Türk dünyasının önəmli bir parçası kimi ümumtürk proseslərində fəal iştirak edir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən biri olan Azərbaycanın Qırğızıstanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verməsi gözləniləndir. Prezidentin Qırğızıstana səfəri zamanı ikitərəfli əlaqələrin iqtisadi, siyasi, humanitar və mədəni istiqamətlərdə inkişafı baxımından mühüm məsələlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Bu səfərin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə və yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcəyi gözlənilir. Qırğız və Azərbaycan xalqlarının tarixi və mədəni bağları olduqca qədim və oxşardır. Kitabi-Dədə Qorqud dastanı Azərbaycan xalqı üçün nə ifadə edirsə, Manas dastanı da Qırğızıstan üçün eyni mənanı daşıyır. Hər iki dastan türk xalqlarının ortaq mədəni irsinin mühüm nümunələridir”.

O bildirib ki, Qırğızıstanda Azərbaycana münasibətin və ölkəmizin nüfuzunun yüksək olduğunu müşahidə edirik:
“Qırğızıstanın ictimai-siyasi və mədəni xadimləri dəfələrlə Azərbaycana olan sevgilərini nümayiş etdiriblər. Qırğız xalqının böyük oğlu, dünya şöhrətli yazıçı Çingiz Aytmatov da dəfələrlə Azərbaycana olan sevgisini ifadə edib və ölkəmizlə bağlı xoş xatirələrini bölüşüb. Bütün bunlar Azərbaycanla Qırğızıstan arasında mövcud olan ortaq tarixi, mədəni və humanitar bağların nə qədər güclü olduğunu göstərir. Qırğızıstanın da Azərbaycan kimi Türk dünyasının mühüm üzvlərindən biri olması bu əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. İkitərəfli münasibətlərin daha da möhkəmlənməsi həm Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafına, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfə verə bilər”.

Aysel Timur