Вернуться назад Распечатать

Deputat: “Bişkek görüşü sülh prosesinin konkret nəticələrə doğru irəlilədiyini göstərir”

“Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda dayanıqlı sülhün təmin olunması baxımından mühüm siyasi təmas hesab edirəm. Bu görüş ilk növbədə tərəflər arasında birbaşa dialoqun davam etdirilməsi, sülh gündəliyinin irəli aparılması və əldə olunmuş razılaşmaların praktik müstəvidə reallaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması prosesin prinsipial mərhələyə keçdiyini göstərir və bundan sonrakı əsas məsələ sənədin imzalanması ilə yanaşı, onun müddəalarının ardıcıl və tam şəkildə icra edilməsidir”.


Bu sözləri  Milli Məclisin deputatı Arzuxan Əlizadə 1xeber.media-ya açıqlamasında deyib.

O bildirib ki, görüşün digər mühüm istiqaməti regionda kommunikasiyaların açılması məsələsidir:
“Nəqliyyat və kommunikasiya xətlərinin bərpası Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi əsasda möhkəmlənməsinə, qarşılıqlı ticarətin genişlənməsinə və Cənubi Qafqazın yeni nəqliyyat-logistika imkanlarının formalaşmasına ciddi töhfə verə bilər. Xüsusilə TRIPP layihəsinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının güclənməsi ilə yanaşı, Ermənistanın da regional iqtisadi və nəqliyyat layihələrinə inteqrasiyası üçün yeni imkanlar yarada bilər. Bu baxımdan kommunikasiyaların açılması yalnız nəqliyyat məsələsi deyil, həm də regionda qarşılıqlı asılılığı və etimadı artıracaq mühüm sülh mexanizmi kimi qiymətləndirilməlidir”.

O qeyd edib ki, Bişkek görüşünün əsas siyasi əhəmiyyəti sülh prosesinin bəyanatlardan konkret nəticələrə doğru irəliləməsidir:
“Azərbaycan artıq postmünaqişə mərhələsində regionda yeni reallıqların formalaşmasına və əməkdaşlıq mühitinin yaradılmasına çalışır. Əgər tərəflər əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirə bilsələr, bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılmasına və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına şərait yaradacaq. Ona görə də Bişkek görüşünü sülh sazişinin yekunlaşdırılması, kommunikasiyaların açılması və regionun təhlükəsizlikdən əməkdaşlığa keçidi baxımından müsbət və perspektivli addım kimi qiymətləndirirəm”.

Aysel Muxtar