“Azərbaycan Prezidenti İlham Əliyevin 30–31 iyul 2026-cı il tarixlərində Qırğızıstana dövlət səfəri ilə daha sonra 31 avqust–1 sentyabr 2026-cı il tarixlərində Bişkekə işgüzar səfəri, əlbəttə ki, eyni hadisələri və məqsədləri özündə əks etdirmir. Prezident İlham Əliyevin sonuncu səfəri ŞƏT çərçivəsində həyata keçirilib və səfər zamanı Qazaxıstan, İran, Türkiyə, Ermənistan və digər ölkələrin liderləri ilə görüşlər baş tutub”.
Bunu politoloq Çingiz Şahbazi 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, 30–31 iyul 2026-cı il tarixlərində Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin mühüm nəticələrindən biri Azərbaycan–Qırğızıstan Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması olub:
“İki ölkə arasında münasibətlərin inkişafında bu sənəd yeni mərhələnin başlanğıcı və tarixi addım kimi qiymətləndirilir. Səfər çərçivəsində energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarlarının tənzimlənməsi, qiymətli metallar və digər sahələri əhatə edən sənədlər imzalanıb. Həmçinin Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunub. Səfərin ən mühüm tərəfi siyasi yaxınlaşmanın konkret iqtisadi və logistika mexanizmləri ilə əlaqələndirilməsidir. Bu da iki ölkə arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişafına təkan verə bilər”.
Politoloq bildirib ki, Qırğızıstanla münasibətlərin inkişafı təkcə bu ölkə ilə ikitərəfli əlaqələrlə məhdudlaşmır:
“Bu münasibətlər Azərbaycan üçün Mərkəzi Asiyada iqtisadi mövcudluğun genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Qırğızıstan Azərbaycan üçün sadəcə dost və türk dövləti deyil, eyni zamanda Mərkəzi Asiyadakı layihələrə çıxış nöqtələrindən biridir. 200 milyon dollarlıq investisiya fondu Azərbaycan şirkətlərinin Qırğızıstanda müxtəlif sahələr üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün imkanları genişləndirir. Bununla yanaşı, Qırğızıstanın Avropaya çıxışının Azərbaycan üzərindən təmin edilməsi istiqamətində də xüsusi addımlar atılır. Bu baxımdan Orta Dəhliz xüsusi diqqət mərkəzindədir. Qırğızıstan da Orta Dəhlizin imkanlarından faydalana bilər. Qırğızıstan Prezidenti Azərbaycanı Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən biri adlandırıb”.
O sonda deyib ki, Orta Dəhlizi daha güclü və cəlbedici edən əsas amillərdən biri, əlbəttə ki, bu marşruta daha çox ölkənin və infrastruktur elementlərinin qoşulmasıdır:
“Daha çox ölkə, liman, dəmir yolu, logistika və rəqəmsal gömrük sistemi birləşdirilərsə, Orta Dəhlizin kommersiya baxımından cəlbediciliyi və fəaliyyəti daha da artacaq. Bu baxımdan Prezident İlham Əliyevin sonuncu Bişkek səfərini iyulun sonunda gerçəkləşən dövlət səfərinin davamı kimi də qiymətləndirmək olar. Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü və Orta Dəhlizi müzakirə etməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, həmçinin ŞƏT formatında çıxışı göstərir ki, Bakı Qırğızıstanla münasibətləri yalnız ikitərəfli məsələlər çərçivəsində deyil, Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə xəttində daha geniş strategiyanın bir hissəsi kimi nəzərdən keçirir.
Bu baxımdan Azərbaycan Qırğızıstanla müttəfiqlik münasibətlərini möhkəmləndirməklə Mərkəzi Asiyada siyasi və iqtisadi mövqelərini daha da gücləndirir və genişləndirir. Qırğızıstan isə Azərbaycan vasitəsilə Xəzər və Avropa istiqamətində alternativ nəqliyyat və ticarət kanallarına çıxış imkanlarını artırır”.
Aysel Timur