ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə gətirilən bəzi pilotsuz uçuş aparatlarına 100 faizlik gömrük rüsumunun tətbiqinə başlayıb.
1xeber.media xəbər verir ki, yeni tariflər sentyabrın 3-dən qüvvəyə minib. 25 kiloqramdan ağır olan və ya termal görüntüləmə imkanına malik dronlar, eləcə də onların dok-stansiyaları 100 faizlik rüsuma cəlb olunur.
Daha kiçik və termal görüntüləmə imkanları olmayan bəzi dronlar üçün isə 25 faizlik rüsum nəzərdə tutulub. Eyni zamanda, ABŞ-ın müəyyən tərəfdaş ölkələrindən gətirilən məhsullar üçün daha aşağı tariflər tətbiq edilir.
Yeni tədbirin əsas məqsədlərindən biri ABŞ-da dron istehsalının artırılması və xarici təchizat zəncirlərindən asılılığın azaldılmasıdır. Ağ Ev bu addımı milli təhlükəsizlik və yerli istehsalın gücləndirilməsi ilə əlaqələndirir.
ABŞ-da dronlardan hüquq-mühafizə orqanları, fövqəladə hallar xidmətləri və digər qurumlar tərəfindən meşə yanğınlarının izlənməsi və itkin şəxslərin axtarışı kimi məqsədlərlə də istifadə olunur.