Gəncə şəhərində ekoloji tarazlığı pozan və böyük narazılıq doğuran növbəti qanunsuzluq qeydə alınıb. Şəhərin ən böyük istirahət məkanlarından olan Fikrət Əmirov Parkında çoxsaylı iri gövdəli ağacların məhv edildiyi aşkar olunub.
1xeber.media nocomment.az-a istinadla xəbər verir ki, parkın müxtəlif hissələrində, xüsusilə əsas girişdə və daxili ərazilərdə sağlam ağacların mişarlanaraq məhv edildiyi açıq şəkildə görünür. İddialara görə, ümumilikdə 12 iri gövdəli və sağlam ağac kəsilib.
Ekologiyanın qorunmasının dövlət səviyyəsində prioritet elan olunduğu bir dövrdə Gəncənin mərkəzi parkında yaşıllıqların bu şəkildə məhv edilməsi cəmiyyətdə ciddi suallar doğurur. Ən təəssüf doğuran məqam isə Gəncə Regional Ekologiya İdarəsinin baş verənlərə bilərəkdən göz yumması və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə hələ də hər hansı münasibət bildirməməsidir.
Qanunvericiliyə əsasən ağacların qanunsuz kəsilməsi inzibati və bəzi hallarda cinayət məsuliyyəti yaratmasına baxmayaraq, bu vandalizm aktına qarşı hələ ki rəsmi tədbir görülməyib.
Hadisənin hansı əsasla və kimlərin göstərişi ilə həyata keçirildiyi məlum deyil.


