Вернуться назад Распечатать

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində ciddi əks-səda doğuran növbəti bəyanatında Kərki barədə danışıb. O, açıq şəkildə bildirib ki, Kərki Azərbaycan ərazisidir və Ermənistan ora iddia edə bilməz. Bununla belə, o, Gədəbəyin Başkənd kəndini də dilinə-dodağına bulaşdırıb. “Mən Tiqranaşen haqqında heç nə deməmişəm, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə anklavlar haqqında da danışmışam və bunda yeni bir şey yoxdur… Biz dedik ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometrdir və Kərki və digər anklavlar bu hesablamaya daxil edilməyib. Lakin Artsvaşen (yəni Gədəbəy rayonundakı Başkənd) hesablamaya daxil edilib və daxildir”, - Paşinyan deyib.

Ermənistanın Baş naziri bu erməni budaq cümlələri ilə nə demək istəyir?

Bu sözləri 1xeber.media-ya açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

Onun sözlərinə görə, Paşinyanın Kərki barədə fikirləri təqdirə layiqdir, amma onun Kərki qarşılığında Başkəndi dilə gətirməsi Azərbaycanla Ermənistan arasında yeni gərginlik ocağı yarada bilər:

“Məsələ burasındadır ki, istər Kərki, istərsə də Başkənd Azərbaycan əraziləri olub və sovet hakimiyyəti illərində erməni maxinasiyaları ilə problemli hala gətirilib. Ermənistan əgər Azərbaycanla münasibətləri tənzimləmək istəyirsə, sovet imperializminin region dövlətləri üçün qurduğu bu tələdən imtina etməlidir. Əks halda, bu gün olmasa belə, sabah iki dövlət arasında növbəti hesablaşmalar başlaya bilər”.

Heydər Oğuz xatırladıb ki, Ermənistanla Azərbaycan sərhədləri 1921-ci ildə Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə arasında bağlanmış Qars müqaviləsi ilə müəyyənləşdirilib:

“Qars müqaviləsində isə Kərki kəndi Azərbaycanın protektoratlığı altına keçən Naxçıvan vilayətinin ərazisi kimi göstərilib. Müqavilədə Naxçıvanın inzibati əraziləri bu şəkildə təqdim olunur: “Naxçıvanın ərazisi Urmiya kəndi – oradan düz xətlə Arazdəyən stansiyasına (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) – sonra düz xətlə 3142 qərbində Daşburun dağına – Daşburun dağının şərq ayırıcı xətti (4108) – Cəhənnəm dərəsi çayından "bulaq" yazısının cənubu – Bağarsıq dağının gədik xətti ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir – 6629 yüksəkliyi – Kömürlü dağı (6839 və ya 6930) – oradan 3080 yüksəkliyi – Sayat dağı (7868 – Qurdqulaq kəndi) Qamesur dağı (8160) – 8022 yüksəkliyi – Kükü dağ (10282) və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir”.

Heydər Oğuzun iddiasına görə, müqavilənin bu bəndində adı çəkilən Kömürlü dağ Kərkinin tam yanında yerləşir:

“Kərki kəndi isə hazırkı Sədərək rayonundan 10 km aralıdadır. Əslində, Qars müqaviləsində Kərki anklav kimi yox, Şərura bitişik ərazi kimi göstərilib. Onun indi anklav vəziyyətə salınması da məhz erməni fitnəsi sayəsində baş verib. Tarixi sənədlər sübut edir ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Kərki kəndinin ətrafında yerləşən 900 hektardan artıq ərazi Ermənistana verilib. Nəticədə kənd Azərbaycanın bir neçə eksklavından biri olub. Həmin ərazilərin Ermənistana verilməsi haqqında protokolu isə o zaman Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində işləyən iki erməniəsilli şəxs – Qadakçiyan və İsaakyan imzalayıb.

Sözsüz ki, bu ermənilərin imzaladığı sənədlər Qars müqaviləsinin tələblərini pozduğuna görə hüquqi akt sayıla bilməz. Ən azı ona görə ki, bir dövlətin əraziləri xalqın birbaşa iştirakı olmadan başqasına hədiyyə oluna bilməz. Fikrimcə, rəsmi Bakı bu amilləri nəzərə alıb beynəlxalq müstəvidə məsələ qaldırmalı və Kərkinin ətraf ərazilərini də geri qaytarmağa çalışmalıdır. Əks halda, Azərbaycanın ərazilərindən 10 km kənarda yerləşən Kərkidə məskunlaşmaq və onu yenidən bərpa etmək mümkün olmayacaq.

O ki qaldı Gədəbəyin Başkənd kəndinə, bənzər müsibətlər bu yaşayış məntəqəsinin də başına gətirilib. Ermənistan sərhədlərindən 20 km aralıda, Azərbaycan ərazisində yerləşən Başkənd 18 fevral 1929-cu il tarixində Cənubi Qafqaz MİK-nin fərmanına əsasən Ermənistana verilib və inzibati cəhətdən Ermənistan SSR-in Krasnoselsk rayonuna tabe edilib. Göründüyü kimi, hər iki kənd sovet imperializminin anti-türk siyasəti nəticəsində Azərbaycandan ayrı salınıb. Bu isə o fərmanların legitimliyini şübhə altına alır”.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti guya Rusiyanın imperialist siyasətinə qarşı çıxır, onunla bütün əlaqələrini kəsməyə çalışır:

“Eyni zamanda rəsmi Bakı da özünü Sovet Azərbaycanının varisi hesab etmir. Rus imperializminin caynağından qurtulmağın ən qısa yolu isə onun öz imperialist maraqlarına uyğun şəkildə yürütdüyü inzibati ərazi siyasətindən imtina etməkdir. Hətta ərazisindəki rus qoşunlarını çıxarmaqda maraqlı olduğunu gizlətməyən Nikol Paşinyan SSRİ-nin regionla bağlı məkrli siyasətinin ətəyindən yapışıb fırlanmamalı, regional sabitliyə zərbə vuran tələblərdən vaz keçməyi bacarmalıdır. Əks təqdirdə, onun mübarizəsinin səmimiliyi inandırıcı görünməyəcək.

Cəmiyyətimizdə bəzən “anklava qarşı anklav” tezisi irəli sürülür, Başkənd qarşılığında Kərkidən vaz keçməyimizin mümkünlüyündən danışılır. Prinsipcə, Nikol Paşinyanın da könlündən keçən elə budur. O, 2024-cü ildə etdiyi bir çıxışında belə demişdi: “Bizim məntiqimiz belədir: anklav anklava dəyişdirilməlidir. Onların nəzarəti altında olan onlarda, bizim nəzarət etdiyimiz isə bizdə qalır”.

Heydər Oğuz isə bu formulla razılaşmağın mümkün olmadığına inanır. Onun fikrincə, əvvəla, Başkəndə qarşı Kərki mübadiləsi heç bir məntiqlə izah oluna bilməz:

“Çünki Başkənd də bizimdir, Kərki də. Belə çıxır ki, biz eynilə sovet hakimiyyəti illərində olduğu kimi ermənilərin könlü şad olsun deyə öz torpağımızı öz torpağımıza dəyişməliyik. Özü də ermənilərin xeyrinə.

İkincisi, Kərkinin geostrateji və geoiqtisadi əhəmiyyəti heç nə ilə kompensasiya edilə bilməz. Kərki Ermənistanın şimalı ilə cənubu arasında tam mərkəzdə yerləşən ərazidir. Onun bizim nəzarətimizdə olması erməni işğalçılığının kökünün kəsilməsinin əsas qarantıdır. Əks halda, biz İrəvandan Qarakilsəyə, Gorusa, Qafana və Mehriyə gedən yolda “strateji şlaqbaum” yaradıb Ermənistanı haqqa dəvət edə bilərik.

Digər tərəfdən, Kərki həm də İrandan Gürcüstana və Avropaya gedən yolda “strateji şlaqbaum”a çevrilə bilər. Bu da bizim əlimizdə İrana qarşı da gücümüzə güc qatan siyasi “kozır”ımızdır.

Ən mühüm məsələlərdən biri də Kərkinin yeraltı zənginliyi ilə əlaqədardır. Belə ki, bu kənd Qızıldaş adlanan dağ silsiləsinin tam ətəklərində yerləşir. Bəzi iddialara inansaq, Qızıldaşda zəngin qızıl yataqları var. Azərbaycan özünün bu təbii sərvətini heç kimə verməməlidir və verməyəcək də.

Məlumdur ki, ermənilər Kərkinin Azərbaycana qaytarılması fikrinə birmənalı yanaşmırlar. Paşinyan bütün anklavların geri qaytarılmasına müsbət baxsa da, erməni radikalları ona qarşı çıxır, Kərkinin heç bir halda Azərbaycana qaytarmayacaqlarını vurğulayırlar. Bəs, Paşinyan bu ekstrimist qüvvələrlə bacarmasa, nə olacaq?

Ermənilər bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşmasa, öz sözünü demək haqqı Azərbaycan ordusuna keçəcək. Açığı, Azərbaycan ordusu Kərki əməliyyatına çoxdan hazırdır. Sirr deyil ki, 2018-ci ildə Naxçıvandakı Əlahiddə Ordu birləşmələri hərəkətə keçib Şərur rayonunun Günnüt kəndini və ətraf əraziləri işğaldan azad etmişdi. Həmin əməliyyat zamanı 11 min hektar ərazimiz erməni banditlərindən təmizlənmişdi. Təbii ki, bu əməliyyatının əsas məqsədlərindən biri də Kərki üzərindəki yüksəklikləri nəzarət altına almaq idi. Günnüt kəndi Kərkidən 3-4 km aralıda yerləşir. Faktiki olaraq, Günnütü nəzarət altına almaq Kərkiyə gedən yolu önəmli əngəllərdən arındırmaq mənasına gəlirdi”.