Вернуться назад Распечатать

Netanyahu: Seçkilərin əsas sualı İrandakı rejimə kimin son qoyacağıdır

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn parlament seçkilərinin əsas mövzusunun İran, “Hizbullah” və HƏMAS-la mübarizənin sona çatdırılması olduğunu bildirib.

1xeber.media  xəbər verir ki, Netanyahu bu barədə çıxışında danışıb.

“Bu seçkilərin əsas sualı budur: başladığımız işi kim sona çatdıracaq? İrandakı bu rejimə kim birdəfəlik son qoyacaq? “Hizbullah”a kim birdəfəlik son qoyacaq? HƏMAS-a kim birdəfəlik son qoyacaq?”, - İsrailin Baş naziri bildirib.

Netanyahu siyasi rəqiblərini xarici təzyiqlər qarşısında geri çəkilməkdə də ittiham edib.

“Amerika onlara “yox” deyəndə dərhal geri çəkilirlər. Onlar bunu edəcəklərmi? Xeyr. Etməyəcəklər. Bunu biz edirik”, - Baş nazir söyləyib.

Netanyahunun açıqlaması İsraildə 27 oktyabr 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində səsləndirilib. İsrail hakim koalisiyası seçkilərin həmin tarixdə keçiriləcəyini iyul ayında açıqlayıb.

İran məsələsi seçki kampaniyasının əsas təhlükəsizlik mövzularından birinə çevrilib. Netanyahu avqustun sonunda da İran üzərində qələbənin HƏMAS və “Hizbullah”ın aradan qaldırılmasına gətirib çıxara biləcəyini bildirmişdi.

Qeyd edək ki, son sorğular və siyasi proseslər fonunda Netanyahu seçki öncəsi sağ düşərgədə səslərin parçalanmasının qarşısını almağa çalışır. Kiçik sağçı partiyaların ayrıca seçkiyə qatılması onun rəhbərlik etdiyi blokun parlament çoxluğu qazanmasını çətinləşdirə bilər.