Son zamanlar işğaldan azad edilmiş müqəddəs məkanlarımızda, o cümlədən Şuşada və paytaxtın bir sıra tarixi nöqtələrində qaya daşlarının, abidələrin və qədim binaların üzərinə adların yazılması ictimaiyyətin kəskin etirazına səbəb olub. Daşların, qayaların və digər təbii və ya tarixi səthlərin üzərinə ad yazmaq nəinki şəhidlərin ruhuna hörmətsizlikdir, eyni zamanda tarixi yerlərimizə, abidələrimizə və yaşayış məntəqələrimizin ümumi görkəminə ciddi ziyan vurur.
1xeber.media xatırladır ki,Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsini ucaltmaq bəhanəsi ilə unikal təbiət və tarix mühitinə bu cür kor-təbii müdaxilələr etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Şəhidlərimizin ruhu ilə suvarılmış torpaqlarda hər bir qaya parçası və divar xüsusi dövlət mühafizəsindədir. Şəhidlərin adları dövlət tərəfindən peşəkar səviyyədə ucaldılmış memorial komplekslərdə, parklarda və fəxri xiyabanlarda layiqincə əbədiləşdirilib. Daşları və tarixi divarları boyalarla qaralamaq isə hörmət yox, şəhər mədəniyyətinə və milli dəyərlərə kölgə salan vandalizm aktıdır.
Xatırladaq ki, analoji hallar daha əvvəl paytaxtın mərkəzində, İçərişəhərdə və Nizami Kino Mərkəzində də baş vermiş və ictimai qınaq nəticəsində qanunsuzluq edən şəxslər barəsində dərhal hüquqi tədbirlər görülmüşdü. Ekspertlər xəbərdarlıq edir ki, tarixi daşların üzərindən boyaların silinməsi böyük maliyyə, vaxt və resurs tələb edir, qeyri-peşəkar təmizləmə isə qədim abidələrin strukturuna bərpaolunmaz zərər vurur. Azərbaycanın tarixi yaddaşını və ümumi estetik mühitini qorumaq üçün hər bir şəxs vətəndaş məsuliyyəti daşımalı və bu cür qanunsuz hərəkətlərə qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir.