Вернуться назад Распечатать

Xoş niyyət vandalizmə bəraət qazandıra bilməz – Qanunsuz divar yazılarına görə cəzalar sərtləşdirilir

1xeber.media xəbər verir ki, Şuşada və paytaxtın müxtəlif tarixi məkanlarında qaya daşlarının, abidələrin və binaların üzərinə özbaşına yazılar yazılması məsələsi hüquqi müstəviyə daşınır. Ekspertlər və ictimaiyyət nümayəndələri bəyan edirlər ki, belə hallara görə məsuliyyət və cavabdehlik məsələsi açıq şəkildə qaldırılmalıdır. İctimai və ya şəxsi əmlaka, o cümlədən milli irsimizə bu cür formada zərər vurulması tamamilə qəbulolunmazdır.

Şəhidlərin adını ucaltmaq bəhanəsi ilə ümumi yaşayış mühitini, şəhər infrastrukturunu və unikal təbiət obyektlərini boyalarla korlayan hər bir şəxs törətdiyi əmələ görə birbaşa hüquqi cavabdehlik daşıyır. Ölkəmizdə qanun hər kəs üçün bərabərdir; heç bir status və ya "xoş niyyət" tarixi abidələri eybəcərləşdirməyə bəraət qazandıra bilməz. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşımalı və müəyyən edilmiş şəhərsalma, mühafizə qaydalarına mütləq şəkildə hörmətlə yanaşmalıdır.
Məsələnin digər tərəfi isə dövlət büdcəsinə və resurslarına vurulan ziyandır. Tarixi binalardan və həssas qaya səthlərindən qanunsuz qraffitilərin, yazıların silinməsi əlavə işçi qüvvəsi, xüsusi kimyəvi vasitələr və böyük maliyyə vəsaiti tələb edir. Keçmiş təcrübələr — xüsusilə İçərişəhərdə və Nizami Kino Mərkəzində bənzər vandalizm aktları törədən şəxslərin dərhal müəyyən edilərək cəzalandırılması sübut edir ki, dövlət bu məsələdə güzəştsizdir. Şuşada və digər azad olunmuş ərazilərdə də analoji profilaktik tədbirlər kəskinləşdirilməli, əmlaka zərər vuranlar qanun çərçivəsində ən ağır şəkildə cəzalandırılmalıdır.