Вернуться назад Распечатать

“İstisu” Azərbaycan brendinə qarşı təxribatı kim edir?

Kəlbəcərdə “İstisu” mineral su zavodunun yaxınlığındakı suyun kəsildiyi, guya sakinlərin əvvəllər sərbəst şəkildə su götürdüyü çıxışın bağlandığı iddiaları yayılıb. Sosial şəbəkələrdə ortaya atılan bu iddialar gerçəyin nə olduğunu da aktuallaşdırdı və bəzi suallar yaratdı: 

Doğrudanmı “İstisu” zavodunda belə bir addım atılıb? 

Təbii sərbətimiz olan sudan istifadənin qarşısı niyə alınsın axı?

Məsələni araşdıranda məlum oldu ki, “bir dəli quyuya daş atıb, on ağıllı çıxarmağa çalışır”. Yəni bu iddialar tamamilə yalandır, sadəcə kimlərsə, ya ictimai rəyi çaşdırmaq, ya da sosial şəbəkə dostlarına “təzə xəbər” çatdırmaq üçün şaiyələri dövriyyəyə buraxıb. Məsələ budur ki, zavodun yaxınlığında bağlandığı iddia olunan su çıxışında mütəmadi qaydada profilaktik və texniki işlər aparılır. Buna görə su xəttinin borusu hər həftə qısa müddətdə bağlanır, xətt və borunun çıxışı təmizləndikdən, profilaktik tədbirlər həyata keçirildikdən sonra yenidən açılır. Yalanı dövriyyəyə buraxanlar da məhz həmin məqamın görüntülərini çəkərək, aləmə car çəkiblər: ay aman qoymayın, suyun qabağını kəsdilər.

Halbuki, həmin görüntülər ənənəvi hal alan texniki işlərin həyata keçirilməsi zamanı çəkilib. Borunun götürülməsi də təmizlik işləri ilə əlaqəlidir və işlər başa çatdırıldıqdan sonra hər şey əvvəlki vəziyyətinə qaytarılır: boru yerinə qoyulur, suyun axını bərpa edilir və hər kəs istədiyi qədər istifadə edə bilir.

İndi sual yaranır: “İstusu” haqqında bu yalanı tirajlayanların məqsədi nədir?

Niyyətlərinin xoş olmadığı aydındır, lakin bunun həm də məqsədyönlü şəkildə edildiyi də istisna deyil. Çünki “İstisu” Azərbaycan brendi olaraq dünyada tanınır. Kəlbəcərin işğaldan azad edilməsindən sonra zavodun fəaliyyəti təmin edildi və “İstisu” həm daxili bazara, həm də xarici bazarlara çıxarıldı. Bu gün “İstisu” dünya liderlərinin görüşündə masaüstü sulardan birinə çevrilib. 

Bu baxımdan, “İstisu” zavodu ilə bağlı yalan iddiaların ortaya atılmasının Azərbaycan brendinə qarşı təxribat olduğu da istisna edilməməlidir. Xüsusilə xarici dairələrə bağlılığı sirr olmayan bir sıra informasiya resurslarının “İstisu” zavodu ilə bağlı yalanı siyasiləşdirməyə cəhd göstərməsi bu fikri gücləndirir.

Lakin necə deyərlər, “yalan ayaq tutar, yeriməz”. “İstisu” zavodu fəaliyyətini davam etdirir, sakinlərin istifadəsi üçün nəzərdə tutulan boru xətti də hər həftə təmizlənmək şərti ilə istifadə olunur. Bütün profilaktik tədbirlər də məhz sakinlərin daha təmiz və keyfiyyətli sudan istifadə etməsi üçündür. Bunu şişirtməyin, “suyu kəsdilər” kimi təqdim etməyin və yalanı real hadisə kimi təqdim edərək, tirajlamağın bir adı var: dezinformasiya!demokrat.az