Вернуться назад Распечатать

Azərbaycanda bu şəxslərə vergi və gömrük güzəşti ediləcək

Azərbaycanda biznes mühitinin inkişafı, daxili istehsalın genişləndirilməsi və özəl sektora sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə strateji layihələrə investisiya təşviqi sənədinin verilməsi davam edir.

1xeber.media  xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, 2029-cu il yanvarın 1-dək aşağıdakı əsas istiqamətlərdə layihə reallaşdıran sahibkarlar bu sənədi əldə edə bilərlər:

Sənaye və xammal emalı: Yerli resurslara (metal filizləri, alüminium, neft-qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsalat; 

Yaşıl enerji və ekologiya: Bərpaolunan enerji istehsalı, bu sahə üçün avadanlıqların hazırlanması, tullantıların təkrar emalı və dəniz suyunun şirinləşdirilməsi layihələri;

Kənd təsərrüfatı və aqrar sektor: Aqroparklarda məhsul istehsalı və emalı, toxum, gübrə, yem və pestisid istehsalı, çeşidləmə-qablaşdırma işləri, minimum 3 hektarlıq 4-cü nəsil istixana kompleksləri;

Texnika və avadanlıq istehsalı: Aqrar texnika, soyuducu anbarlar, elevator və taxıl siloslarının istehsalı, habelə İKT sahəsi üzrə sənaye məhsullarının buraxılışı;

Səhiyyə və müdafiə: Əczaçılıq və dərman vasitələrinin istehsalı (qablaşdırma istisna olmaqla) və hərbi təyinatlı məhsulların hazırlanması;

İnfrastruktur və özəlləşdirmə: Özəl sənaye məhəllələrinin qurulması, dmir yolu hərəkət tərkibinin təmiri, ölkədə analoqu olmayan məhsulların istehsalı və 2023-cü ildən sonra müsabiqə yolu ilə özəlləşdirilən qeyri-neft müəssisələrinin layihələri.

İnvestisiya təşviqi sənədi sahibkarlara alındığı gündən etibarən 7 il müddətinə böyük vergi və gömrük üstünlükləri qazandırır:

Torpaq və əmlak vergisindən tam azadolma;

Xaricdən gətirilən texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu sıfırlanır;

Mənfəət və gəlir vergisinə 50% güzəşt tətbiq olunur.

2016-cı ildən tətbiq edilən bu mexanizm çərçivəsində indiyədək 528 sahibkara 633 təşviq sənədi təqdim olunub və 552 layihə artıq fəaliyyətə başlayıb. Ümumilikdə, 1,5 milyard dollar dəyərində avadanlıq idxalı üçün 6 604 təsdiqedici sənəd verilib ki, bu da sahibkarların 350,5 milyon dollar vergi və rüsum qənaəti etməsinə şərait yaradıb.

Güzəştlərdən yararlanmaq istəyən iş adamları İqtisadiyyat Nazirliyinə, həmçinin Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşadakı KOB evlərinə müraciət edə bilərlər. Əlavə suallar üçün KOBİA-nın “131” Çağrı Mərkəzi fəaliyyət göstərir.