Azərbaycanda ali təhsilli şəxslərin müddətli həqiqi hərbi xidmət müddətinin 3 aya endiriləcəyi ilə bağlı iddialar son günlər sosial şəbəkələrdə və ictimaiyyətdə müzakirələrə səbəb olub.
Bəs bakalavr və magistratura təhsilini başa vuran şəxslər üçün hərbi xidmət müddətinin 3 aya endirilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycanda ali təhsilli şəxslərin müddətli həqiqi hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müzakirə aparılmır.
Onun sözlərinə görə, bakalavr və magistratura pilləsini başa vuran şəxslərin hərbi xidmət müddətinin azaldılması ilə bağlı yaxın perspektivdə dəyişiklik gözlənilmir:
«“Azərbaycanda bakalavr və magistratura pilləsini bitirən şəxslərin müddətli hərbi xidmətində dəyişiklik gözlənilmir. Belə bir dəyişiklik müvafiq dövlət qurumlarında müzakirə də edilmir. Ona görə də yaxın perspektivdə xidmət müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı yenilik olacağını deyə bilmərik”.»
Beləliklə, hazırda ali təhsilli şəxslər üçün müddətli həqiqi hərbi xidmətin 3 aya endirilməsi ilə bağlı hər hansı rəsmi qərar və ya müzakirə yoxdur.
Qeyd edək ki, son dövrlərdə ali təhsilli şəxslərin hərbi xidmət müddətinin azaldılması ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Lakin bu təkliflər hazırda qüvvədə olan hərbi xidmət müddətində dəyişiklik edildiyi anlamına gəlmir.