Вернуться назад Распечатать

Kreml Trampın sülh danışıqlarına qapını bağlamadı

Kreml Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sülh danışıqlarının yenidən bərpa olunmasını istisna etməyib.

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın belə bir formatda danışıqların davam etdirilməsinə qarşı olmadığını bildirib. O, bununla belə, danışıqların nə vaxt və harada keçiriləcəyi ilə bağlı hazırda konkret razılaşmanın olmadığını qeyd edib.

Peskov ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Moskva və Kiyevə səfərlərini də sülh prosesinin canlandırılması istiqamətində addım kimi qiymətləndirib. Onun sözlərinə görə, ABŞ tərəfinin səyləri Moskva tərəfindən yüksək qiymətləndirilir.

Kreml nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın sülhə nail olmaq istəyini yüksək qiymətləndirdiyini də bildirib.

Bununla yanaşı, son görüşlər konkret razılaşma ilə nəticələnməyib. ABŞ nümayəndələrinin Kiyevdə keçirdiyi danışıqlardan sonra da münaqişənin həlli istiqamətində ciddi irəliləyiş əldə olunmadığı bildirilir.